Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.
Bu barədə Banco.az-a İKZF-dən bildirilib.
"Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 2-də saat 11:00-dan başlayacaq. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcəkdir", - məlumatda deyilir.
Qeyd edək ki, bu ilin dövlət büdcəsində ipotekanı maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub.
Ötən il İKZF-in müvəkkil bankları tərəfindən 461,4 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2022-ci ilin göstəricisindən 9,2% çoxdur. 2023-cü ildə Fond ipotekanın təkrar maliyyələşdirilməsinə 492 milyon manat məbləğində kredit (artım 20,9%) ayırıb.
2023-cü ildə verilmiş ipoteka kreditinin orta həcmi 59,872 min manat təşkil edib. Kreditlər 282 ay müddətinə və illik 6,34% dərəcəsi ilə verilib.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, beş il əvvəl güzəştli şərtlərlə ipoteka krediti almaq çox rahat idi .
“Hazırda paytaxtın mərkəzə yaxın ərazilərində bir otaqlı mənzillərin satış qiyməti 100 min manatdan daha bahadır. Hesab edirəm ki, adi və güzəştli ipotekaların həcmi artırılmalıdır. Çünki hazırkı bazar şərtləri ilə 100 min manat həddində mənzil almaq mümkün görünmür. Güzəştli kateqoriyaya aid olan şəxslər məcbur olub onlara ayrılan ipotekanın üzərinə əlavə pul qoyduqdan sonra mənzil ala bilərlər”.
Qeyd edək ki, paytaxtın mənzil bazarında köhnə tikili binalar üzrə 1 və 2 otaqlı mənzillər üzrə ən çox bahalaşma Nərimanov rayonunda, 3 otaqlı mənzillər üzrə isə Yasamal rayonunda baş verib. Yeni tikili binalarda isə qiymətlər 1 və 2 otaqlı mənzillər üzrə ən çox bahalaşma Nərimanov rayonunda 3 otaqlı mənzillər üzrə isə Səbail rayonunda qeydə alınıb.
Əmlak ekspertlərinin açıqlamalarına görə, 2022-ci ildə birotaqlı mənzilləri 250 manata əldə etmək olurdusa, bu il qiymətlər 300-350 manat arasında dəyişib. 2022-ci ildə 300 manata ikiotaqlı mənzil tapmaq olurdusa, 2023-cü ildə qiymətlər 400 manata yüksəlib. Dördotaqlılar isə 2022-ci ildə 400 manat, 2023-cü ildə 500 manata təklif edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!