Bakıda kredit borcuna görə intihara cəhd olub | Banco.az

Bakıda kredit borcuna görə intihara cəhd olub

Hadisə Binəqədi rayonu ərazisində baş verib.

Bakıda intihara cəhd olub. Naxçıvan sakini metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında üzərinə benzin törərək özünü yandırıb.

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov bankların filiallarının birinin qarşısında üzərinə benzin tökərək özünü yandırıb. Dərhal əraziyə təcili tibbi yardım avtomobili və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Malik Hüseynov əraziyə çağırılan təcili yardım maşını vasitəsilə Respublika Yanıq Mərkəzinə aparılıb.

Xəstəxanada yaralıya yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda o, reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır.

Özünü yandıran şəxs borcu olduğu üçün bu yola əl atdığını deyib.

Bu Bakıda qeydə alınan ilk özünü yandırma halı deyil. Belə ki, bundan öncə də sosial problemlərlə bağlı olaraq bir neçə dəfə belə hadisə baş verib. Avqust ayında avqustun 13-də 1979-cu il təvəllüdlü İmanova Xatirə Nadir qızının üstünə neft məhlulu tökərək özünü yandırıb. Qadın aldığı xəsarətlərdən keçinib. 

İyul ayında Azərbaycanda maaşını ala bilməyən kişi özünü yandırıb. 1955-ci il təvəllüdlü Məhəmməd Əliyev 7 ildir işlədiyi inşaat şirkətindən son 6 ayda maaşını ala bilməməsi ucbatından bu addımı atıb. 

Bir müddət əvvəl də paytaxtda əslən Ağdam rayonundan olan məcburi köçkün Sahib İsmayıl oğlu Nəsibov Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Sabunçu rayon şöbəsinin qabağında özünü yandırmışdı
Yanıq xəsarətləri alan kişini ətrafdakı insanların köməyi ilə Respublika Yanıq Mərkəzinə aparmışdı. O, intihar cəhdinə səbəb kimi evsizliyini göstərmişdi. 

Yanvar ayaında isə Bakının Yasamal rayonu ərazisində, 20 yanvar dairəsində intihar cəhd halı qeydə alınıb. Nəqliyyat müfəttişlərilə mübahisə edən sərnişin daşımaqla məşğul olan ”Ford” markalı mikroavtobus sürücüsü 1976-ci il təvəllüdlü Hümbətov Arzuman Hətəmxan oğlu isə ağır vəziyyətdə 5 sayl şəhər xəstəxanasını yanıq mərkəzinə yerləşdirilib.

Ən sərfəli kredit üçün müraciət et