Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına maraq artıb. Bunu Azərbaycan Mərkəzi Bankının açıqladığı sığorta statistikasına əsasən demək olar.
Belə ki, bu ilin I yarısında sözügedən sığorta növü üzrə 24,9 milyon manat sığorta haqqı toplanılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% çoxdur.
Bununla belə, müşahidələr göstərir ki, ölkədə daşınmaz əmlakın icbari sığortası heç də kütləvi hal almayıb. Vətəndaşlar əksər hallarda daşınmaz əmlaklarını (mənzillərini) sığorta etdirməkdən yayınır. Bu baxımdan ölkənin regionlarında vəziyyət lap pisdir. Bakıdan kənarda yaşayanların çoxu daşınmaz əmlakın icbari sığortası barədə məlumatlı deyil və bu növ sığortaya pul verməyə həvəs göstərmir.
Mövcud vəziyyətin səbəbləri ilə tanış olaq.
Sığorta sahəsi üzrə mütəxəssis Xəyal Məmmədxanlı deyir ki, Azərbaycanın əksər kənd yerlərində daşınmaz əmlaklar arasında sığortalanmış olanların xüsusi çəkisi 3-5%-i keçmir: "Məsələn, Naxçıvanda demək olar ki, sığortasız ev qalmayıb. Orda əmlak sığortası ilə bağlı çox yaxşı təcrübə var. Amma Bakı və digər bölgələrdə icbari sığortanın əhalini əhatə etmək faizi olduqca aşağıdır. Baxmayaraq ki, icbari sığorta müaviləsi bağlamamağa görə cərimə də nəzərdə tutulub, amma cərimənin tətbiqetmə mexanizminin olmaması, müqavilənin elektronlaşmaması, elektron bazada buna nəzarət imkanlarının məhdud olması və digər səbəblərdən bu istiqamətdə cərimələr tətbiq edilmir. İcbari sığortadan xəbəri olan əhali belə cərimə olmadığından əmlaklarını sığortalamaq istəmirlər. Əhalinin böyük qisminin isə bu sığorta növündən xəbəri yoxdur. Yalnız bəzi notarial hərəkətlər edənlər bu sığorta növünə üz tuturlar. Ötən ilin sonlarında icbari sığorta müqaviləsi bağlamayanları cərimələməklə bağlı ölkədə ajiotaj yaranmışdı. Həmin ərəfədə xeyli əmlak sığortaya cəlb olundu. Amma cərimənin tətbiq olunması mümkün deyildi. Çünki bizdə belə bir mexanizm yoxdur. Müvafiq qurumlar da bu barədə açıqlama verəndən sonra əhali yenidən arxayınlaşdı və müqavilələrin sayı yenidən kəskin azaldı. Bu gün bütöv bir kənddə əhalinin maksimum 3-5%-inin sığortası olar. Bu, bir qədər də həmin bölgənin sığorta mədəniyyətindən, o bölgədə sığorta şirkətlərinin aktivliyindən asılıdır. Elə bölgələr var ki, onlarda sığortalanma faizi yüksəkdir. Bəzilərində isə insanların ümumyyətlə sığortadan xəbərləri yoxdur”.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Azər Əliyev də etiraf edir ki, ölkədə daşınmaz əmlakın icbari sığortasına maraq lazimi səviyyədə deyil. Onun fikrincə, bu, təbliğat işinin vaxtında aparılmaması ilə bağlıdır: "Daşınmaz əmlakın icbari sığortası 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında" qanunla tənzimlənsə də, onun ötən ilin son rübündən etibarən təbliğinə daha çox önəm verildi. 2020-ci ilin ilk aylarında bu tendensiya özünü göstərsə də, COVID-19 pandemiyasının yayılması sığorta şirkətlərinin təbliğatlarının bu istiqamətdə aparılmasına səbəb oldu. Sığortanın bu növünün mahiyyəti və əhəmiyyəti hər il respublikanın müxtəlif ərazilərində baş verən müxtəlif miqyaslı yanğın və təbii fəlakətlər zamanı bir daha vurğulanır. Daşınmaz əmlakın icbari sığortası xüsusilə də bölgələrdə yaşayan əhalinin gözlənilməz hadisələr zamanı maliyyə sabitliyinin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan torpaqlarının böyük bir hissəsi seysmik bölgədə yerləşir. Hər il ölkədə kiçik və ya yüksək şiddətli zəlzələr baş verir, coğrafi ərazidə yerləşən çayların çoxluğu yağışlar yağan zaman sel və daşqınların yaranmasına səbəb olur, bundan əlavə baş verən yanğın hadisələri insanların yaşayış sahələrinə zərər vurur. Nəticədə insanlar maddi və mənəvi itkilər ilə üzləşirlər. Belə maddi itkilərin böyük əksəriyyəti isə zərərçəkənin qarşılaya bilməyəcəyi həcmdə olur. Bu zaman öncədən edilən sığorta həmin insanlara yaranan maddi itkilərin qarşılanmasında köməklik edir”.
ASA sədri qeyd edib ki, dünyanın heç bir yerində dövlət əhaliyə dəyən zərəri öz üzərinə götürmür: “Azərbaycanda, xüsusilədə regionlarda baş verən təbii fəlakətlər zamanı çoxlu sayda yaşayış yerinə zərələrin dəyməsi nəticəsində dövlət əhaliyə müəyyən məbləğdə kompensasiya ödənişləri edib. Dünyanın heç bir yerində fors major hallar olmadığı təqdirdə dövlət dəyən zərəri üzərinə götürmür və əhaliyə ödəniş etmir. Bu hala aid ən çox çəkilən misal kimi sentybarda ABŞ-da əkiz qüllələrdə olan hadisəni yada sala bilərik. Dəyən milyon dollarla zərərin bir dollarını belə dövlət ödəmədi və hamısı sığorta şirkətləri tərəfindən qarşılandı. Baş verən gözlənilməz hadisələr zamanı yaranan zərərlərin qarşılanması sığorta şirkətlərinin öhdəliyidir. Sığorta şirkətlərinin yaradılmasında da əsas məqsəd sosial müdafiə funksiyasının əsas tərkib hissəsi olmaqla insanlara dəyən zərərin ödənilməsi ilə həm vətəndaşlara kömək etmək, həm də hökümətin yükünü azaltmaqdan ibarətdir”.
Onun sözlərinə görə, bölgələrdə sığortalanmış əmlakların sığortalanmamış əmlaklara nisbətən az olmasının təməlində bir çox problemlər mövcuddur: “İndiki vəziyyətdə Azərbaycanın sığorta şirkətləri baş verə biləcək riskləri tam şəkildə qarşılamaq ixtiyarındadır. Beynəlxalq standartlar və beynəlxalq təcrübə əsasında qurulan yerli sığortaçılar bu gün iri miqyaslı hadisələr zamanı belə ödəniş edə bilmək imkanındadır. Buna baxmayaraq respublika ərazisində sığortalanma göstəricilərinin istənilən səviyyədə olmaması, hətta deyərdim ki, aşağı olması sığortaya inamın və məlumatlandırma səviyyəsinin aşağı olması ilə birbaşa əlaqədardır. Bu göstəricilər bölgələrdə xüsusilə aşağıdır. Hər il müxtəlif rayon və şəhərlərdə baş verən hadisələr insanlara sığortanın bu növünün lazımlığını bir daha xatırladır. Regionlarda da əhalinin maarifləndirmə və məlumatlandırma səviyyəsinin lazımı səviyyədə olmaması ilə yanaşı, iqtisadi göstəricilərlə də əlaqədar olaraq bu gün həmin ərazilərdə sığortalanan əmlakların sayı azlıq təşkil edir. Nəticədə insanlar hadisə baş verdiyi zaman dəyən maddi zərərin necə qarşılanacağı barədə düşünürlər. Bu gün regionalarda yaşayan insanlar sığorta ödənişinə “rüsum”, “əlavə bir ödəniş” kimi baxırlar. Bu düzgün bir baxış deyil. Çünki xüsusilə əmlak sığortası baş vermə tezliyi az, amma hadisənin həcminin yüksək qiymətləndirildiyi bir sığorta məhsuludur. Bu gün hər hansı bir şəxsin yaşayış sahəsinə zərər dəyməsi və ya hansısa təbii fəalkətlə üzləşməsi nəticəsində ödədiyi sığorta haqqından qat –qat artıq sığorta ödənişi həyata keçirilir. Düşünürəm ki, insanlarda sığortaya olan marağın artırlması sığorta mədəniyyətinin dərinləşdirilməsi və risk baş verdiyi təqdirdə əldə edəcəkləri faydalar haqqında düzgün məlumatlandırmanın hyata keçirilməsi ilə mümkün olacadır. Bu prosesdə həm sığorta şirkətlərinin, həmdə ASA-nın üzrəni məsuliyyət düşür. Şirkətlərin bölgələrdə olan agentləri və əməkdaşları tərərfindən yüksək işlər görülür, təbliğatlar aparılır və məlumatlar verilir. ASA tərəfindən regionlarda mütəmadi olaraq həm əhali ilə görüş keçirilib onları maraqlandıran suallar cavablandırılır. Eyni zamanda əməkdaşlarla görüşlər keçirilir ki, bu zaman onlara istiqamətlər verilir. Ölkə prezidenti də sığorta mövzusuna həsr edilmiş çıxışları zamanı onun mahiyyəti və əhəmiyyətini vurğulayır , regionlarda onun inkişafına xüsusi önəm verilməsini və bu istiqamətdə işlər aparılmasını tapşırır. Bizim də ASA olaraq cari dövrdə qarşımıza qoyduğumuz əsas məqsəd həm sığorta şirkətlərinin, həm də nəzarət orqanının iştirakı ilə maarifləndirmə və təbliğat işlərinin aparılması ilə əhalidə sığorta mədəniyyətinin dərinləşdirilməsinə çalışmaqdan ibarətdir”.
Assosiasiya sədri hərbi münaqişələr zamanı müxtəlif obyektlərə zərərin dəyməsi məsələsinə də toxunub: “Sığorta şirkətləri kommersiya fəaliyyəti ilə məşğul olan özəl şirkətlərdir. Məlum olduğu kimi qanunda müharibə şəraitində olan bir ölkə olduğumuz üçün hərbi münaqişələr zənnində dəyən zərər şirkətlər tərəfindən qarşılanmır. Yəni bu, sığorta risklərinə aid deyil. Lakin daha öncə də hərbi münaqişələr zəminində dəyən zərərdə köməkliklərin göstərilməsi baxımından Dövlət Sığorta Kommersiya Şirkətinin təcrübəsi mövcuddur. Lakin sığorta şirkətləri bu kimi dəstəyi Korporativ Sosial Məsuliyyət məsələsinə aid edir. Bu baxımdan da hərbi münaqişələr zamanı müxtəlif obyektlərə dəyən zərərin qarşılanmasında dövlətə dəstək göstərmək şirkətlərin təsisçiləri və rəhbərləri tərəfindən ümumi olaraq qərar verilməli olan bir məsələdir”.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!