Azərbaycanın bank sektorunun inkişaf dinamikası stabil müsbət olaraq qalır | Banco.az

Azərbaycanın bank sektorunun inkişaf dinamikası stabil müsbət olaraq qalır

Azərbaycanda bank sektorunun inkişaf dinamikası stabil müsbət olaraq qalmaqda davam edir. Bu barədə 23-24 iyun tarixlərində Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində "Azərbaycan və Rusiya arasında banklararası əməkdaşlığın inkişafı" mövzusunda təşkil olunan dəyirmi masada Azərbaycan Mərkəzi Bankının Baş direktoru Rəşad Orucov məlumat verib.

"Son 15 il ərzində bank sisteminin aktivləri 20 dəfədən çox artıb. Son 10 ildə isə orta artım dinamikası stabil olaraq 40%-dən yuxarı göstərici nümayiş etdirib", deyə Orucov bildirib.

Onun sözlərinə görə, bank sisteminin ümumi dərinliyi (avtivlərin ÜDM-un həcminə olan nisbəti) təxminən 37% təşkil edir.

"Lakin bank sektorunun, əsasən, iqtisadiyyatın qeyri-neft sektoru ilə işlədiyini nəzərə alsaq, o zaman aktivlərin qeyri-neft sektoru üzrə ÜDM-un həcminə olan nisbətinin 71% təşkil etdiyini qeyd etməliyik. 2008-ci ildə qlobal maliyyə böhranının müşahidə olunmasına baxmayaraq, həmin dövrdən etibarən ölkəmizdə bank sisteminin ümumi dərinliyi stabil olaraq artım nümayiş etdirmişdir. Ölkədə kredit fəallığı yüksək olaraq qalır - ölkədə fəaliyyət göstərən bankların kredit portfelinin qeyri-neft sektoru üzrə ÜDM-un həcminə olan nisbəti artıq 50%-i üstələyir. Kapital bazası sabitdir. Bankların məcmu kapitalı isə qeyri-neft sektoru üzrə ÜDM-un həcmi ilə müqayisədə, 2 faiz bəndi artmaqla, 15%-ə yüksəlmişdir. Ölkənin iqtisadi artım tempinə nəzər yetirsək, bank sektoru üzrə artım göstəricisinin ölkənin iqtisadi artım tempini 2 dəfədən çox üstələdiyini görə bilərik", deyə AMB-nın baş direktoru qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

2014-cü ilin 1 may tarixinə əsasən, Azərbaycanda fəaliyyət göstərən 43 bank üzrə ümumi aktivlərin həcmi 22 milyard manat, kredit portfeli - 16,25 milyard manat, məcmu kapitalın həcmi - 3,61 milyard manat təşkil etmişdir.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et