2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 553 min 780 ABŞ dolları dəyərində 480 kq nərə balığının kürüsü ixrac edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac olunan kürünün həcmi 20% və ya 80 kq, dəyəri isə 60% və ya 208.5 min ABŞ dolları artıb.
Hesabat dövründə qara kürünün 1 kq orta ixrac qiyməti 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 34% artaraq 1961 manat təşkil edib.
Qeyd edək ki, qara kürü əsasən Birləşmiş Ərəb Əmirliklərinə (210 kq), Amerika Birləşmiş Ştatlara (140 kq), Qazaxıstana (40 kq), Səudiyə Ərəbistana (10kq) və Sinqapura (10kq) ixrac edilib. Bu məhsul Birləşmiş Ərəb Əmirliklərinə 1717 manata, Amerika Birləşmiş Ştatlarına 1378 manata, Qazaxıstana 3400 manata, Səudiyə Ərəbistana 3855 manata, Sinqapura isə 3624 manata satılıb.
Xatırladaq ki, bu dövrdə Azərbaycana Çindən 1 milyon 89.9 min ABŞ dolları dəyərində 3630 kq qara kürü idxal edilib. Bu məhsulun idxal qiyməti isə 510 manat təşkil edib.
APA