Azərbaycanda yenilik: İşini itirənlərin kreditləri sığortalanacaq | Banco.az

Azərbaycanda yenilik: İşini itirənlərin kreditləri sığortalanacaq

Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul hazırlanıb.

Kredit alanların işsizlik halında sığortalanması banklardan kredit alan şəxslərin maliyyə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Belə ki, kredit götürən vətəndaşlar gözləmədikləri halda iş yerlərini, gəlirlərini itirə bilərlər. Bu zaman onların ödəniş qabiliyyəti də olmur. Belə səbəblərdən banklarla vətəndaşlar arasında narazılıqlar, uzunmüddətli gecikmələr, kredit tarixçələrinin pisləşməsi baş verir.

Bütün bunların qarşısını almaq üçün maliyyə sektoruna yeni məhsul təqdim etmək qərara alınıb. Artıq kredit alanların işsizlik halında sığortalanması ilə bağlı hazırlıqlar yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankının bu yeni sığorta məhsulunun iş mexanizmini açıqlaması gözlənilir.

Bəs bu sığorta vətəndaşlara nə verəcək? Hansı hallarda kredit alan vətəndaş bu sığortadan yararlana bilər? Kreditlər hansı şərtlərlə sığortalanacaq?

Suala Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü İlahə Ümidli aydınlıq gətirib. Onun sözlərinə görə, yeni sığorta növü kredit alan vətəndaşların iş yerlərini itirdikləri halda kredit öhdəliklərini icra edə bilməməsi riskinin artması səbəbindən yaradılıb:

“Əsas zərurət həm vətəndaşın maliyyə yükünü azaltmaq, həm də bank sektorunda kredit risklərini balanslaşdırmaqdır. Mahiyyət etibarilə bu sığorta borcalanın məşğulluğunu itirməsi nəticəsində kredit ödənişlərini həyata keçirə bilmədiyi dövrdə onun öhdəliklərinin müəyyən hissəsinin sığorta hesabına qarşılanmasını nəzərdə tutur. Kredit müqavilələri üzrə borcalanın məşğulluğun itirilməsi halından sığortasının əsas məqsədi vətəndaşın məşğulluğunu itirdiyi dövrdə kredit üzrə maliyyə sabitliyini qorumaq, bankla münasibətlərdə problemlərin yaranmasının qarşısını almaqdır. Eyni zamanda, bu mexanizm kredit verən qurumun, yəni bankın da əmlak maraqlarını qoruyur”.

Bu sığortanın hansı hallarda işə düşəcəyinə gəlincə, İ.Ümidli bildirib ki, vətəndaşlar işəgötürən müəssisənin ləğv edilməsi, ştatların və ya işçilərin ixtisarı, işçinin tutduğu vəzifəyə peşə və ixtisas baxımından uyğun gəlməməsi barədə rəsmi qərar olan zaman, həmçinin əmək şəraitinin dəyişdirilməsi ilə əlaqədar işdən azad olunma, müəssisə mülkiyyətçisinin dəyişməsi və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla əmək müqaviləsinə xitam verilməsi kimi hallarda sığorta təminatından yararlana bilərlər. Bütün bu hallar sığorta müqaviləsində ayrıca nəzərdə tutulmalıdır.

Qeyd edək ki, kredit müqavilələri üzrə borcalanın məşğulluğun itirilməsi halından sığorta növündə işçinin öz vəzifələrini kobud şəkildə pozması, yaşa və ya əlilliyə görə pensiyaya çıxması, müddətli əmək müqaviləsinin bitməsi, yeni iş yerində minimal iş stajı tamamlanmadan işdən çıxarılma və işsiz kimi rəsmi qeydiyyatdan keçməməsi kimi hallar sığorta hadisəsi hesab edilmir və sığorta ödənişi verilmir.

“Kredit müqavilələri üzrə borcalanın məşğulluğun itirilməsi halından sığorta növündə əsas risk borcalanın işini itirməsi nəticəsində kredit üzrə öhdəliklərini icra edə bilməməsidir. Risklər yalnız əmək müqaviləsinə xitam verilməsi ilə bağlı və qanunvericiliyə uyğun sənədlərlə təsdiqlənən hallar üzrə nəzərə alınır” – deyə İ.Ümidli vurğulayıb.

Bəzi hallarda hərbi çağırış yaşında olan işçilər də kredit ödənişlərində çətinliklə üzləşirlər. Onlar hərbi xidmətə gedərkən işdən ayrılır və kredit ödənişlərini edə bilmirlər. Bəs bu halda işsizlik halında kredit alanların sığortalanması hərbi çağırışçılara da şamil ediləcəkmi?

Ekspertin sözlərinə görə, hərbi çağırışçılar bu sığorta növündən yararlana bilməyəcəklər: “Yeni sığorta növü yalnız qüvvədə olan əmək müqaviləsi əsasında işləyən şəxslərə şamil edilir. Hərbi çağırış fərqli hüquqi statusdur və bu, məhsulun riskləri çərçivəsinə daxil deyil. Ümumiyyətlə, hərbi çağırışçılar bu növ sığortadan yararlana bilməzlər. Hərbi xidmətə çağırılan şəxslər müvafiq qanunvericiliyə uyğun sosial təminat və digər sığorta mexanizmləri ilə qorunurlar”.

Yeni sığorta növü əlilliyi olan şəxslərə də şamil edilməyəcək. Bu sığorta növünün yalnız işsizlik riski ilə bağlı olduğunu deyən İ.Ümidli bildirib ki, əlillik ayrıca sığorta riskidir və bu məhsul çərçivəsində sığorta hadisəsi sayılmır:

“Bu sığorta məbləğinin müəyyən edilməsində vətəndaşların gəlirləri də rol oynayır. Vətəndaşın rəsmi gəlirləri kredit məbləğinin və aylıq ödənişlərin formalaşmasına təsir etdiyi üçün dolayı yolla sığorta məbləğinin miqdarına da təsir göstərir. Sığorta ödənişi birbaşa gəliri deyil, kredit üzrə qalıq borc öhdəliyini əhatə edir” -deyə ekspert vurğulayıb. (Vergiler.az)