Samir Əliyev: “Üzən məzənnəyə keçid olarsa, manat psixoloji cəhətdən qısa müddətdə xeyli dərəcədə qiymət itirə bilər”.
“Üzən məzənnəyə keçən ölkələrdə iqtisadiyyat xammaldan asılı olmur”.
Banco.az xəbər verir ki, bunu PİA.AZ-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev bildirib.
Xatırladaq ki, son zamanlar ilin axırına qədər manatın üzən məzənnəyə keçəcəyi ilə bağlı söz-söhbətlər gəzməkdədir. Demək olar ki, qapalı iqtisadiyyata malik olan Azərbaycanda bu mümkündürmü və mümkündürsə, manat üzən məzənnəyə keçid zamanı nə qədər dəyər itirə bilər? Ümumiyyətlə üzən məzənnə tətbiq edilərsə, manatın sabit dəyəri hansı səviyyədə formalaşa bilər?
Samir Əliyev: “Hökümət üzən məzənnəyə keçsə belə, bu idarəolunan məzənnə olacaq”.
Üzən məzənnəyə keçidin yumşaq devalvasiya anlamına gələcəyini bildirən Samir Əliyevin fikrincə, bu məzənnə elə də əsaslı müsbət dəyişikliyə səbəb olmayacaq:
Hökümət üzən məzənnəyə keçəcəyini bəyan edib. Və daha dəqiq desək, söhbət idarəolunan üzən məzənnədən gedir. Üzən məzənnəyə keçid sırf Mərkəzi Bankın səlahiyyətində olan məsələdir. Bu məzənnəyə keçid vaxtını Mərkəzi Bank müəyyənləşdirəcək. Amma mən düşünürəm ki, Azərbaycanda üzən məzənnəyə keçməyin fəsadları ağır ola bilər. Həm də Azərbaycanda üzən məzənnəyə keçmək heç də asan deyil. Ona görə ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır. Azərbaycana dollar əsasən üç mənbədən gəlir: SOCAR, Mərkəzi Bank və Neft Fondu. İxracın 93%-i neft sektoru olduğuna görə digər mənbələrdən gəlir çox cüzidir. Üzən məzənnəyə keçən ölkələrdə iqtisadiyyat xammaldan asılı olmur. Yəni ölkəyə müxtəlif mənbələrdən dollarlar daxil olur.
Ən sərfəli kredit üçün müraciət et Digər tərəfdən bizdə keçid üçün zəruri valyuta birjası, qiymətli kağızlar bazarı işləməlidir. Bizdə bunlar nəzəri cəhətdən var. Çox zəif fəaliyyət göstərirlər. Hökümət üzən məzənnəyə keçsə, bu idarəolunan məzənnə olacaq.
Keçid üçün zəruri valyuta birjası, qiymətli kağızlar bazarı olmalıdır. Bizdə bunlar nəzəri cəhətdən var.
Əgər üzən məzənnəyə keçid olarsa, fikrimcə, bu birbaşa devalvasiyadır. Manat psixoloji cəhətdən qısa müddətdə xeyli dərəcədə düşə bilər. Hökümət yəqinki adını üzən məzənnə qoyub, indiki kimi valyuta ehtiyatlarından istifadə edərək bazarı saxlamağa çalışacaq. Üzən məzənnəyə keçid olarsa, yumşaq devalvasiya şəkilində manatın ucuzlaşmasının şahidi olacağıq. Yəqin ki, hökümət də üzən məzənnə dedikdə bunu nəzərə tutur.