Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Rusiya hökuməti avqustun 31-dək şəkər ixracını müvəqqəti dayandırıb.
Banco.az xəbər verir ki, qərarın daxili bazarda sabitliyi qorumaq məqsədi ilə verildiyi bildirilib.
Azərbaycan da daxili tələbatı ödəmək üçün Rusiyadan təqribən 40 faizə yaxın şəkər tozu idxal edir.
Bu qadağanın qiymətlərə təsiri barədə Banco.az-a açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, Rusiyada buna şəkər tozunun ixracatına qoyulan məhdudiyyət müəyyən bahalaşmaya səbəb ola bilər:
“Rusiya həmin məhdudiyyəti belə seçim əsasında tətbiq edir. Hesab edirəm ki, bu məhdudiyyətlər belə, əsasən Rusiyaya sanksiya tətbiq edən ölkələrə aid olacaq. Düşünmürəm ki, Azərbaycanda şəkərin qiymətinə ciddi təsirlərini göstərsin. Çünki Rusiya Azərbaycanla əsas ticarət tərəfdaşlarından biridir. Ölkələrimiz arasında iqtisadi- siyasi əlaqələr yüksək səviyyədədir. Məhz bu meyarlar düşünülərsə, şəkər tozunun ixracına tətbiq edilən qiymət məhdudiyyətinin Azərbaycana tətbiq edilməsi real görünmür”.
Ekspert onu da qeyd edib ki, əgər bu məhdudiyyət Azərbaycan üçün də tətbiq edilərsə, qarşıda gələn mövsümdə şəkər tozun qiymətində artım baş verə bilər. Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanın xam şəkər idxalı 19,7 faiz, şəkər ixracı 42,2 faiz azalıb. Keçən il Azərbaycandan 32 min ton şəkər xaricə göndərilib. Ölkədə 313 min ton şəkər, qənd istehsal edilib. Keçən il şəkər çuğundurunun istehsalı 2022-ci ilə nisbətən 2,2 faiz azalaraq 206,1 min ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!