Azərbaycanda marketinq sahəsinin inkişafına mane olan səbəblər hansıdır? - Marketoloq cavabladı | Banco.az

Azərbaycanda marketinq sahəsinin inkişafına mane olan səbəblər hansıdır? - Marketoloq cavabladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “Reklam bazarında yeniliklər və çağırışçılar” mövzusunda keçirilən müzakirələrdə bildirib ki, reklam bazarının inkişafı marketinq fəaliyyətindən də asılıdır.

O qeyd edib ki,  reklam sektoruna müvafiq qanunvericilik və dövlət siyasəti də təsir edir: “Dövlət Reklam Agentliyi tərəfindən sözügedən sahənin inkişafı məqsədilə daim innovativ addımlar atılıb. KOBİA- tərəfindən də bu istiqamətdə bir sıra təkliflər verilib, çoxsaylı görüşlər təşkil edilib”.

Mövzunu davam etdirən marketoloq Nicat Manafov Banco.az-a bildirib ki, hazırda Azərbaycanda  marketinq bazarında bir çox  şirkətlər sıradan çıxıb.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan bazarında marketinq sahəsində rəqabətin zəiflədiyinin müşahidə edildiyini vurğulayan Nicat Manafov  bildirib ki,  dünyanın bir çox ölkələrində biznes mühitində hər il yeni ideyalar tətbiq edilsə də,   ölkəmizdə eyni adamlarla işləməyə davam edən şirkətlər var:

“Biz hələ də bəzi şirkətlərin dost tanışları, qohumları ilə  işləməyə davam etdiyini müşahidə edirik.
Təəssüflər olsun ki, bəzi böyük şirkətlər illərdir eyni agentliklərlə işləyirlər. Halbuki agentliklərin ideyaları limitdə olur. Bu da nəticədə marketinqin inkişafdan qalmasına gətirib çıxarır.
Bacarıqlı insanlar agentliklərdə işləmirlər. Onların bir çoxu artıq bu sahənin batdığını görüb uzaqlaşmaq istəyir. Marketinqin inkişafı bu sahədə keçirilən tenderlər şəffaf olduğu halda hiss oluna bilər”.
Marketoloq qeyd edib ki, bütün marketinq fəaliyyəti ilə məşğul olanlar marketinq tenderlərinə qatıla bilməlidir. Əgər marketinq tenderlərində kimin qalib olduğu görünərsə,  katirovka sorğularına hamı üçün əlçatımlıq şəraiti yaradılarsa, bu sahənin inkişaf edəcəyinə ümid etmək olar.