Rəhim Hüseyn oğlu Hüseynov 22.07.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1968-1978-ci illərdə 158 saylı orta məktəbdə təhsil almış, 1978-1983-cü illərdə Azərbaycan neft və kimya institutunun mühəndis-iqtisadiyyatı fakültəsində təhsil alıb mühəndis-iqtisadçı ixtisasına yiyələnmişdir.
1983-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyası Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinə gələrək əmək fəaliyyətinə başlamışdır. Həmin təşkilatda 1996-cı ilə qədər iqtisadçı, böyük iqtisadçı və 1-ci dərəcəli iqtisadçı-mühəndis olaraq çalışmışdır.
1996-cı ilin oktyabr ayından 2000-ci ilin may ayına qədər “SİAR” Sosial-İqtisadı Araşdırmalar Mərkəzinin həmtəsisçisi və baş direktoru işləmişdir.
2000-ci ilin may ayında Azərbaycan Marketinq Mütəxəssisləri İctimai Birliyi təsis olunarkən həmin təşkilatın idarə heyətinin sədri vəzifəsinə seçilmişdir.
2002-ci ilin oktyabr ayından 2004-cü ilin noyabr ayınadək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin direktor müavini və direktoru vəzifələrində əmək fəaliyyətimi davam etdirmişdir.
2004-cü ilin noyabr ayından 2006-cı ilin may ayınadək həmin nazirliyin Antiinhisar Siyasəti Departamentinin direktoru və 2009-cu ilin yanvar-may aylarında isə eyni nazirliyin nəzdində fəaliyyət göstərən İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti təyin edilmişdir. 2010-cu il aprel ayindan 2013-cü ilin may ayına qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda müşavir vəzifəsində çalışmışdır. 2013-cü ilin may ayında Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri vəzifəsinə təyin olunmuşdur.
Eyni zamanda, həmin ilin oktyabr ayında AMEA İnnovasiya şöbəsinin rəisi vəzifəsini icra etməyə başlamışdır. 2014-cü ilin aprelayının 30 RəhimHüseynov“Ümumi iqtisadiyyat” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan Respublikasında marketinq xidmətləri bazarının formalaşması xüsusiyyətləri və inkişaf problemləri” mövzusunda təqdim etdiyi dissertasiya işini müdafiə edib və iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-tədqiqat İnstitutu 2002-2004 illər ərzində öz inkişafında böyük addımlar atıb. Bir çox xarici və yerli elmi-tədqiqat institutları, beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub və inkişaf etdirilib. İl ərzində yerinə yetirilmiş layihələrin sayı artmışdır, bir çox tədqiqatlar, təhlillər aparılmışdır, nəşrlər çap olunmuşdur. Həmçinin müxtəlif dövlət proqramlarına, qanunlara rəy verilmişdir.
Rəhim Hüseynov 10 elmi əsərin müəllifi olmuşdur. Alimin “Azərbaycan Respublikasında marketinq xidmətləri sahəsinin inkişaf problemləri”, “Bazar iqtisadiyyatı şəraitində iqtisadi siyasətin formalaşmasında marketinqin rolu”, “Ölkə iqtisadiyyatında marketinq xidmətləri bazarının formalaşmasının müasir vəziyyətinin təhlili”, “Marketinq xidmətləri və geniş təkrar istehsal prosesində onun rolu”, ”İqtisadiyyatda xidmət sektorunun rolunun yüksəlməsi kontekstində marketinq xidmətlərinin xüsusiyyətlərinin təhlili”, “Исследование тенденций развития рынка маркетинговых услуг на основании мирового опыта”, “Анализ особенностей сегментирования рынка маркетинговых услуг в Азербайджане”, “Azərbaycanda konsaltinq xidmətləri bazarının inkişaf xüsusiyyətləri” və “Innovation potential and development characteristics of innovation-based economy” adlı məqalələri işiq üzü görüb.
O, “Böyük iqtisadi ensiklopediya”-nın III cildin “Marketinqin mahiyyəti, marketinq siyasəti və marketinq strategiyası” adlı bölmənin müəllifi olmuşdur.
Rəhim Hüseynovun tədqiqatlarının əsas istiqaməti marketinq xidmətləri bazarı və marketinq tədqiqatları olmuşdur. Ona görə təəccüblü deyil ki, onun “Ümumi iqtisadiyyat” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi «Azərbaycan Respublikasında marketinq xidmətləri bazarının formalaşması xüsusiyyətləri və inkişaf problemləri” adlanırdı.
Demək olar ki, bu alim Azərbaycanda marketinq elminin əsasını qoyub, marketinq məktəbini yaradıb və bu istiqamətdə bir çox mütəxəssislər yetişdirib. Hal-hazırda onun yetirmələri Azərbaycanda və xaricdə yüksək vəzifələrdə çalışırlar.
2001-2005-ci illər ərzində “Zerkalo” qazetində Azərbaycan Marketinq Cəmiyyətinin “Marketinq” adlı əlavəsinin 100 sayı nəşr edilmişdir. Bu layihənin rəhbəri Rəhim Hüseynov olmuşdur. Bu fəaliyyət ölkədə marketinq elminin yayılmasına və dünyada baş verən marketinq sahəsindəki ən son yenilikləri və təklifləri ictimaiyyətə və biznes strukturlarına çatdırılmasına xidmət edirdi. Nəşrdə həmdə marketinq araşdırmaların nəticələri, maraqlı görüş və müsahibələr, təzə innovativ ideyalar da öz yerini tapmışdır. Qeyd etmək lazımdır ki, “Marketinq” əlavəsinin nəşri İctmai Birliyin daxili resursları hesabına ortaya çıxmışdır.
Bundan başqa, Rəhim Hüseynov ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Qari Armstrong və Filip Kotlerin müəllifi olduğu “Marketinq: ilk addım” (581 səh.) əsərinin ingilis dilindən tərcümə layihəsinin rəhbəri olmuşdur. Əsər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “İqtisadiyyat” bölməsinin 05 sentyabr 2006-cı il tarixli 1 nömrəli iclas protokolu ilə əlavə dərs vəsaiti kimi tövsiyə edilmişdir.
Rəhim Hüseynov 1996-2014-cü illər ərzində aktiv olaraq 40-dan artıq beynəlxalq və yerli konfrans, seminar, treninq və bu tipli digər tədbirlərdə iştirak edib.
Buna misal “Azərbaycan Respublikasında milli iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətləri” mövzusunda keçirilən respublika səviyyəli elmi-praktiki konfrans, “Azərbaycan Respublikasında iqtisadi islahatlar: ilkin nəticələr, problemlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfrans, Çexiyada keçirilən “İnnovasiya və texnologiyaların transferi” adlı 2-ci Beynəlxalq konfrans və s. ola bilər. 2013-cü ilin sentyabr ayında o Rusiyanın Federal Antiinhisar Xidməti tərəfindən İrkutsk şəhərində keçirilən «День конкуренции в России» (“Rusiyada rəqabət günü”) adlı beynəlxalq tədbirə dəvət almışdır.
Rəqabət günün əsas əlamətdar hadisəsi 2013-cü ildə öz 20 illiyini qeyd edən MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının (bundan sonra Şura) Plenar görüşü olubdur. Bu tədbirdə Rəhim Hüseyn oğlu Hüseynov rəqabət siyasəti sahəsində MDB üzv dövlətlər arasında əməkdaşlığın inkişafına verdiyi böyük şəxsi töhfələrinə görə və, ümumiyyətlə, MDB məkanında rəqabətin qorunmasına və inkişaf etdirilməsinə, Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının fəaliyyətinin inkişafına verdiyi böyük töhfələrinə görə Şuranın İdarə heyətinin sədri N. Artemyevin imzası ilə Fəxri fərman ilə təltif olunmuşdur.
1995-2001-ci illər ərzində Europartnership çərçivəsində Almaniyanın və İspaniyanın xüsusi Menecer treninq proqramın iştirakçısı olmuşdur, 1997-1998-cı illərdə "Sumgait - Duty Free Zone" adlı layihənin milli eksperti olmuşdur. Eyni zamanda, bu illər ərzində o, bir çox təşkilatlara üzv olmuşdur: ESOMAR (European Society for Opinion and Marketing Research / Rəy və marketinq tədqiqatları üzrə Avropa Cəmiyyəti), AMA (American Marketing Association / Amerikan Marketinq Assosiasiyası) and AMA Leadership Foundation, Academy of Marketing, UK (AMA Liderlik Fondu, Böyük Britaniya Marketinq Akademiyası), ASK (Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası).
Rəhim Hüseynovun bir çox məqalələri işıq üzü görüb, qəzet, jurnal və internet saytlara verilən müsahibələri həmişə böyük maraq ilə qarşılanıb. Məsələn, İqtisadiyyat qəzetində 2005-ci ildə Qabil Zimistanoğluya verilən müsahibə “Ölkədə “kölgə iqtisadiyyatı”nın mövcudluğunu heç kim dana bilməz” adlanırdı. Eyni zamanda “Zerkalo” (Зеркало) qazetində 2005-ci ildə F.Əlizadəyə verilən müsahibənin adı «Мобильныйтелефон – преградасговору, илиещеразомонополиях, потребительскихценахизащитеправпотребителей» idi. 2010-cu ildə Mədəniyyət qəzetində “Azərbaycanın turizm imicini yüksəltmək üçün çox iş görülməlidir” adlı müsahibəsi çıxıb. 2014-cü ildə “World economics magazine” jurnalına Rəhim Hüseynov “Отнаукикбизнесу” adlı müsahibə vermişdir.
İqtisadçı-alim R.Hüseynov kütləvi informasiya vasitələri ilə aktiv olaraq əməkdaşlıq edirdi. Müxtəlif mətbuat orqanlarında marketinq, menecment və iqtisadiyyat üzrə mütəmadi olaraq məqalələr və müsahibələr verirdi. Bir çox televiziya kanallarında Azərbaycanda mövcud olan və maraq kəsb edən mövzularda çıxışlar edib, bir çox marketinq və iqtisadiyyat mövzusunda olan televiziya proqramlarına dəvət alıb və çıxış edərək, fikrini bildirib. Bunlardan Lider TV-nin “Ekonomiks” və İctimai TV-də “Ortaq məxrəc” verlişlərini, ANS TV və Space TV-də çıxışları qeyd etmək olar.
Əfsuslar olsun ki, 12 may 2014-cü il tarixdə Azərbaycan cəmiyyəti böyük itki ilə qarşılaşıb. Azərbaycanda marketinqin banisi, həqiqi ziyalı, görkəmli iqtisadçı-alim, böyük şəxsiyyət və dəyərli dost Rəhim Hüseyn oğlu Hüseynov qəflətən vəfat edib.
Rəhim Hüseynovun rəhbərliyi altında 50-ə qədər layihələr həyata keçirilmişdir.
Onlardan Azərbaycan Turizm İnformasiya Sisteminin yaradılması (2001), Aqromarketinqin təşkili üzrə informasiya kampaniyasının təşkili (2001), “Zerkalo” qəzeti ilə birgə “Marketinq” əlavəsinin nəşri (2001 - 2005), Sosial TV reklamlarının hazırlanması və televiziya kanalları vasitəsilə yayımlanması (2002), OXFAM ilə birgə “Bazara səmərəli çıxış imkanları” layihəsi (2003), Biznes planlaşdırılması və investisiya layihələri üzrə regionlardakı icma üzvləri üçün treninqlərin təşkili (2003), Marketinq üzrə treninq kurslarının keçirilməsi (2003), Təhsil və mədəniyyət sahələrində fəaliyyət göstərən (20-dən artıq) yerli Azərbaycan QHT-ləri üçün treninqlərin təşkili və keçirilməsi (2004), Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafı Proqramı (2004), “Azərbaycanda marketinq xidmətləri bazarının formalaşdırılması xüsusiyyətlərinin təhlili və inkişafı istiqamətində təklif və tövsiyələrin hazırlanması” (2004), “Biznes Etika” üzrə müxtəlif biznes təşkilatları və tanınmış şirkətlər üçün 20-dən artıq treninq və konsaltinq işinin gerçəkləşdirilməsi (2004 - 2006), “Azərbaycan məhsullarının ixrac potensialı və dünya bazarında müqayisəli üstünlükləri” (2005), Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı” (2005 - hal-hazıra qədər), BMT-nin Qlobal Saziş Şəbəkəsi ilə bağlı layihə (2006), “Marketinq” jurnalının nəşr edilməsi (2006 - 2009), Qari Armstronq və Filip Kotlerin “Marketinq: İlk Addım” kitabının tərcüməsi və nəşri (2007), Hollandiyanın ETCN təşkilatı ilə birgə Niderland Marketinq İnstitutunun “Marketinq” təlim proqramının Azərbaycanda təşkili / “NİMA” təlim kursları (2007 - hal-hazıra qədər), Azərbaycan İxrac Kataloqun-un illik nəşri (2008 - hal-hazıra qədər), M.Məmmədovun “Особенности маркетинга по-aзербайджански” kitabının redaktəsi və çap edilməsi (2009), Dr. Hafiz Paşayevin “Racing Up Hill” kitabının Azərbaycan dilinə tərcümə edilməsi və nəşri (2009), Azərbaycanın təhsil ocaqlarında korrupsiya ilə mübarizədə tələbə qruplarının gücləndirilməsi (2009), Bazar İnformasiya və Kommersiya Mərkəzinin yaradılması və fəaliyyəti (2009 - hal-hazıra qədər), Azərbaycanda elmin inkişafına yönəldilmiş fəaliyyət (2010 – 2014), İKT Marketinqi Mərkəzinin yaradılması və fəaliyyətinin davam etdirilməsi (2011 - hal-hazıra qədər) və s.
Eyni zamanda həyatının son günlərinə qədər R.Hüseynov marketinq, menecment və konsaltinq üzrə gənclərə, yeni biznes işinə başlayan start-ap-çılara və bütün biznes fəaliyyətı ilə məşğul olan insanlara kömək edib məsləhətlərini verirdi.
Yüksək biliyə malik olan, həqiqi ziyalı adını daşıyan iqtisadçı-alim, yeniliyə meylli, novator kimi cəmiyyətdə taninan, bacarıqlı biznesmen və dövlət məmuru həmkarlar arasında böyük nüfuza və hörmətə malik idi.
Allah Rəhim Hüseyn oğlu Hüseynova rəhmət eləsin! Ruhu şad olsun!
Facemark.az