Maliyyə amnistiyasının tətbiqi Azərbaycanda real sayılmır.
ANS TV-nin məlumatına görə, maliyyə aministiayası dünya ölkələrinin bəzilərində adətən iqtisadiyyatın maliyyə çatışmazlığı ilə üzləşdiyi dövrlərdə atdığı addımdır. Bu addımı isə əsasən yeni bazar iqtisadiyyatına keçən ölkələr atır. Prosesin mahiyyəti ondan ibarətdir ki, dövlət vətəndaşlardan əldə etdikləri gəlirin mənbəyini soruşmur. Dövlətlərin bu vasitəyə əl atmasının məqsədi öz vətəndaşlarının xaricdə, ofşor zonalarda olan kapitalını ölkəyə gətirməsinə, ölkədə olan pulun isə xaricə çıxarılmasının qarşısını almağa nail olmaqdır. Məsələn, qonşu Rusiya maliyyə amnistiyasına qərar verib.
Uzun müddətdir bu mövzu Azərbaycanda da müzakirə olunur. Hətta bu barədə qanun layihəsi hazırlandığı da bildirilirdi. Amma maliyyə naziri Samir Şərifov bu təcrübənin ölkəmizdə işləyəcəyinə şübhə ilə yanaşır. O inanmır ki, Azərbaycanda kimsə öz qeyri-leqal pullarını göstərsin.
Maliyyə naziri bildirir ki, Azərbaycan bir il bundan əvvəl çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair beynəlxaq konvensiyaya qoşulub. Konvensiyanın tələblərinə uyğun olaraq da bir çox öhdəliklər üzərinə götürüb. Konvesiyada müəyyən olunmuş müddəları aşan şəxslər və ya təşkilatlara qarşı Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidməti sanksiyalar tətbiq edir.