Azərbaycanda kredit faizlərinin yüksək olmasının əsas səbəbləri | Banco.az

Azərbaycanda kredit faizlərinin yüksək olmasının əsas səbəbləri

Azərbaycanda kredit faizlərinin yüksək olması, həmçinin banklarda depozit və kredit faizləri arasındakı fərqin hiss olunacaq dərəcədə böyük olması cəmiyyətimizdə haqlı narazılıqlar yaradır. Kredit faizlərinin yüksək olmasnda adətən əsas günahkar banklar hesab olunur. Etiraf etmək lazımdır ki, bəzi banklar izafi likvidliyin olmasına baxmayaraq kredit üzrə faiz dərəcələrinin (əsasən istehlak kreditləri) aşağı endirilməsində maraqlı deyillər. Banklar bunun ölkənin kredit bazarda olan tələb və təklif amilindən asılı olduğunu iddia edirlər. Lakin bununla belə unutmaq olmaz ki, heç bir kredit təşkilatı kredit faizlərinin yüksək olmasında maraqlı deyil. Çünki kredit faizlərinin yüksək olması gələcəkdə kreditin qaytarılmama riskini artırır, bank-müştəri münasibətlərini kəskinləşdirir və nəticədə əsas zərərçəkmiş tərəf bankların özləri olur. Bəs kredit faizlərinin yüksək olmasının əsas səbəbləri və buna təsir edən faktorlar hansılardır?

Banklarda kredit üzrə faiz dərəcələrinin yüksək olmasına təsir edən əsas faktorlar:

Depozit faizləri

Kredit faizlərinin maya dəyərinin formalaşmasında əsas faktor depozit üzrə faiz dərəcələridir. Nəzərə almaq lazımdır ki, Azərbaycan banklarının kredit portfelinin 80%-ni depozitdən cəlb edilmiş vəsaitlər təşkil edir. Hazırda manat üzrə depozit faizləri illik 7-10% təşkil edir. Lakin bilmək lazımdır ki, banklar 7-10%-lə depozit cəlb etsə də bu depozitlərin heç də hamısını kreditləşmədə istifadə edilə bilmir. Likvidlik zərurətini nəzərə alaraq banklar cəlb olunan depozitlərin 70%-ni kreditləşmədə istifadə edirlər. Bununla belə, istifadə olunmayan qalan 30%-lik hissə də kredit faizlərinin maya dəyərinə daxil edilir. Bu faktor isə depozitin xərclərinin 2-3% artmasına səbəb olur. Nəticədə 10%-lə cəlb edilmiş depozit banka 12-13%-ə başa gəlir.

İnzibati və vergi xərcləri

Kredit faizlərinin formalaşmasında 2-ci mühüm faktor inzibati və vergi xərclərdir. Banklar filial, şöbə və ATM şəbəkəsinin saxlanılması, işçilərə əmək haqqının ödənilməsi, bankın İT sisteminin qurulması və yenilənməsi, təhlükəsizlik, vergilər, ehtiyat ayırmaları və s. kimi istiqamətlərə yüksək vəsaitlər xərcləyir. İnzibati xərclər hər bir kreditin maya dəyərinin orta hesabla 5-7%-ni təşkil edir.

Əməliyyatları xərcləri

Kreditlərin verilməsi və yığılması proseslərində bankların əməliyyat xərcləri təqribən 2-3% təşkil edir. Bunun əsas səbəb odur ki, banklar çox zaman depoziti qəbul etdiyi an birbaşa kreditə yönəldə bilmirlər. Kreditin verilməsi üçün müştərilərin cəlb edilməsi, sənədlərin yığılması, girovun qiymətləndirilməsi (biznes kreditləridirsə) və kreditin rəsmiləşdirilməsi müəyyən müddət tələb edir. Həmçinin bir faktı da nəzərə almaq lazımdır ki, hazırda uçot fazi dərəcəsinin 7.75% olması hələ o demək deyil ki, banklar istədiyi vaxt və istədiyi məbləğdə Mərkəzi Bankdan vəsait cəlb edə bilirlər.

Problemli kreditlərin həcmi

Ən sərfəli kredit üçün müraciət et

Verilən kreditlərin 100% geri qayıtma zəmanəti heç bir ölkədə yoxdur. Beynəlxalq praktikada problemli kreditlərin ümumi portfeldə həcminin 5-6% olması normal haldır. Azərbaycanda isə problemli kreditlərin həcminin ümumi kredit portfelində 12-15% (bəzi banklarda 30-35%) olduğunu nəzərə alsaq, deməli verilən kreditlərin təqribən 15%-nin problemli kreditlərə çevrilmə riskini də nəzərə almalıdır. Bir çox hallarda problemli kreditlərin həlli, girovların reallaşdırılması və məhkəmə-icra prosesləri orta hesabla 1-4 il çəkir. Bu o deməkdir ki, bank həmin məbləğdə verilmiş və problemə çevrilmiş kredit üçün cəlb olunmuş depozitə görə əmanətçilərə problemin həll olunmasından aslı olmayaraq faiz ödəməlidir. Nəticə etibarı ilə problemli kreditlərin həcmi bankın kredit faizlərinin qaldırmasına təsir edən mühüm faktordur.

Yuxarıda qeyd etdiyim faktorlar hazırda ölkəmizdə kredit üzrə faiz dərəcələrinin orta hesabla 24-26% olmasına səbəb olan əsas faktorlardır. Məlumat üçün qeyd edim ki, biznes kreditləri üzrə faiz dərəcələrini banklar adətən  kreditin məbləği, borcalanın ödəniş qabiliyyəti və girovun likvidlik dərəcəsindən asılı olaraq 15-20% aralığında müəyyən edirlər. Biznes kreditləri bazarının getdikcə daralması və rəqabət amili bankları bu seqmentdə faizləri aşağı salmağa məcbur etsə də, istehlak kreditləri bazarında faizlər yüksək qalmaqda davam edir.

Azərbaycanda mövcud kredit faizlərinin inkişaf etmiş ölkələrdə olan kredit faizləri ilə müqayisədə yüksək olduğunu iddia edərkən nəzərə almaq lazımdır ki, yerli bankların beynəlxlaq kapital bazarlarına birbaşa çıxışları yoxdur. Bu səbəbdən banklarımız aşağı faizli maliyyə resurslarını cəlb etməkdə çətinlik çəkirlər. Həmçinin daxili resursların kifayət qədər ucuz olmaması yerli banklara inkişaf etmiş ölkələrdəki banklar kimi geniş imkanlar yaratmır. Buna misal olaraq Danimarkanı göstərmək olar. Danimarkalıların 130 milyard dollar dəyərində depozit hesablarının 55%-i banklarda 0%-lə yerləşdirilib. Danimarka Mərkəzi Bankının kreditləşmə üzrə müəyyən etdiyi faiz dərəcəsi 0,05%, depozitlər üzrə müəyyən etdiyi faiz dərəcəsi isə -0,75% təşkil edir. Bunun nəticəsi olaraq ölkənin ən iri bankı Nordea Bank Abp dünyada ilk dəfə olaraq öz müştərilərinə 0% ilə 20 illik ipoteka kreditlərini verməyə başladı. Bu, ölkənin bank tarixində ilk 0%-li bank məhsulu idi. Danimarkanın 3-cü ən böyük bankı olan Jyske Bank isə yaxın zamanda 10 il müddətinə -0.5% ilə ipoteka kreditlərini təqdim edəcəyini bəyan edib. Bu o deməkdir ki, borcalan götürdüyü ipoteka krediti üzrə faiz ödəmək əvəzinə bankdan pul alacaq. Bəli, bu realdır! Artıq Avropa bankları depozitə görə faiz ödəmək əvəzinə əmanətçilərdən pullarının bankda saxlanmasına görə komissiya almağa başlayır.

Kredit faizlərinin aşağı endirilməsi üçün çıxış yolu kimi bəzən ölkəyə xarici kapitallı bankların daxil olmasını göstərirlər. Lakin təcrübə onu göstərir ki, ölkəmizdə xarici kapitallı banklar olsa da onların təklif etdikləri kredit üzrə faiz dərəcələri və digər bank xidmətləri yerli banklarla demək olar ki, eynidir. Buna baxmayaraq bankların hazırda əsas hədəfi daha ucuz maliyyə resurslarına çıxış əldə etməklə aşağı faizli kreditlər və xidmətlər təklif etməkdir. Çünki real bazar rəqabət tələb edir, rəqbət isə daha aşağı faizlər və keyfiyyətli xidmətlərə əsaslanır.

Elnur Quliyev

 

Ən sərfəli krediti almaq üçün müraciət et