Azərbaycanda ilk dəfə olaraq benzinin istehlak səviyyəsi ilə istehsal həcmi bərabərləşib. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ilin yekunlarına həsr edilmiş tədbir çərçivəsində deyib.
Onun sözlərinə görə, bu, vətəndaşların rifah səviyyəsinin və avtomobillərin sayının artmasından xəbər verir.
Benzin istehlakının artan həcmini təmin etmək üçün gələn il Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda katalitik-krekinq qurğusunun gücünü artırmaq üzrə işlərin görülməsi planlaşdırılır.
Mövcud qurğuların yenidən qurulması və genişləndirilməsi üzrə işlər ölkənin benzinə olan tələbatını yeni Neft-qaz emalı və neft-kimya kompleksinin istismara verilməsinədək təmin etməyə imkan yaradacaq.
Kompleksin yaradılması çərçivəsində 2014-cü ilin ortalarında Qaz Emalı Zavodunun tikintisi planlaşdırılır. Yeni kompleksin 2018-ci ildə mərhələli olaraq istismara verilməsi gözlənilir.
ARDNŞ bu il ümumilikdə 6,5 milyon ton neft və 3,8 milyard kubmetr qaz emal edib. İlin yekunları üzrə emalın dərinliyi 92 faiz olub.
Dövlət Neft Şirkəti, həmçinin il ərzində 290 min ton kimyəvi xammal istehsal edib.