Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) bu gün növbəti hərracı baş tutub.
Komitədən bildirilib ki, hərracda özəlləşdirilən əmlakların 3-ü kiçik dövlət müəssisə və obyekti, 7-si qeyri-yaşayış sahəsi, 1-i isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən 5 istifadəsiz qeyri yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi paytaxtda yerləşir.
Regionlarda keçirilən hərraclarda 3 kiçik dövlət müəssisə və obyekti, 2 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Kiçik müəssisə və obyektlər Bərdə, Goranboy və Qazaxda, qeyri-yaşayış sahəsi isə Sumqayıt və Mingəçevirdə yerləşir.
Hərracda bəzi müəssisələr torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. Torpaq sahələri ilə birlikdə özəlləşdirilən əmlaklar Bərdə rayonunda yerləşən Texniklər evi və eyni adlı müəssisənin Goranboyda olan qeyri-yaşayış binasıdır. Müvafiq olaraq özəlləşdirilən əmlakların sahəsi 1 900 kv.m və 503 kv.m təşkil edir.
Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.
Qeyd edək ki, ƏMDK tərəfindən növbəti hərrac aprelin 18-də keçiriləcək. Bu hərraca ümumilikdə 141 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisə və obyekti, 87 istifadəsiz qeyri-yaşayış sahəsi çıxarılıb.
Mənbə: Report.az