Azərbaycan "Yaşıl kart" sisteminə 2016-cı ildə qoşulacaq | Banco.az

Azərbaycan "Yaşıl kart" sisteminə 2016-cı ildə qoşulacaq

Azərbaycan "Yaşıl kart" beynəlxalq sisteminə 2016-cı il yanvarın 1-dən üzv ola bilər. Fins.az-ın məlumatına görə, bu barədə İcbari Sığorta Bürosunun (İSB) Beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Yalçın Müslümov bildirib.
Y.Müslümovun sözlərinə görə, Büro Şurası (Beynəlxalq Milli Motor Bürosu Assosiasiyası) Azərbaycanın sistemə qoşulması ilə bağlı ilkin müsbət rəyini verib. Lakin bunun üçün qanunverici baza hazırlanmalıdır. Büro bunu 2014-cü ilin sonunadək həyata keçirməyi planlaşdırır.
O qeyd edib ki, Maliyyə Nazirliyi ölkənin bu sistemə qoşulması üçün hüquqi bazanın yaradılması məqsədi ilə hazırlanmış "İcbari sığorta növləri haqqında" qanuna dəyişikliklərin edilməsi haqqında qanun layihəsi hökumətə təqdim olunub.
Bu dəyişikliklər qəbul edildikdən sonra İSB-nin nizamnaməsində müvafiq düzəlişlərin edilməsi planlaşdırılır.
Bundan başqa, "Yaşıl kart" sisteminin işinin təm edilməsi üçün çoxsaylı digər sənədlər də qəul ediləcək. Bu sənədlər "Yaşıl kart" blankının formasına, sığorta şirkətlərinin tətbiq edəcəyi tariflərə, sığorta şirkətlərinin statusuna, zərərlərin tənzimlənməsi qaydalarına,  məcburi ehtiyatların həcminə və s. məsələlərə aid olacaq.
Qeyd edək ki, "Yaşıl kart" sistemi 1951-ci ildən fəaliyyət göstərir. Bu sistem avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortasının başqa ölkələrdə də tanınmasını təmin edir.
Sistemin işinin məqsədi xarici avtomobillərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində zərərçəkənlərin iddialarının tənzimlənməsidir.
Bu sistemə əsasən, "Yaşıl kart" haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda "Yaşıl kart" sisteminə 46 ölkə - Rusiya, Avropanın bütün ölkələri, İsrail, Mərakeş, Tunis və İran daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az