Ümumi Siyahının son versiyası aidiyyəti nəzarət orqanları və monitorinq iştirakçılarına göndərilib
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və “əl-Qaidə” Sanksiya Komitəsinin qəbul edilmiş qərarına uyğun olaraq barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin ümumi siyahısını yeniləyib.
"Report"un verdiyi xəbərə görə, dəyişikliyə əsasən, daha bir nəfər siyahıya əlavə olunub (www.fiu.az/aze/wp-content/uploads/2016/02/11-February-2016.pdf).
Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.
Qeyd edək ki, ümumi siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin siyahısı ölkədaxili və beynəlxalq siyahılardan ibarətdir.
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər ümumi siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı AMB yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir.