Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Çin valyutasına investisiyası 2016-cı ilin sonunadək 22,4% və ya 108,076 mln. dollar dəyərdən düşə bilər. Bu ilin sonuna isə bu itkinin 11,28% və yaxud 54,505 mln. dollar olması proqnozlaşdırılır. Qeyd edək ki, iyulun əvvəlindən yuana sərmayə yatıran Fond, təkcə avqust ayında 3,15% və ya 15,233 mln. dollar itirib.
Banco.az "Report"a istinadən xəbər verir ki, ARDNF-nin Çin yuanına toplam sərmayələri 3 mlrd. yuan (500 mln. dollar) olub. Avqustun 4-də Çində dolların rəsmi məzənnəsi 6,2102 yuan/dollar, avqustun 13-də 6,3987 yuan/dollar, dünən isə 6,4124 yuan/dollar təşkil edib.
Çinin iqtisadi ekspertlərinin proznozuna əsasən, 2015-ci ilin sonuna dolların məzənnəsi 7 yuana, 2016-cı ilin sonuna isə 8 yuana çatacaq. Bu isə Çin valyutasının ilin sonuna hazırkı səviyyədən 8%, gələn ilin sonuna isə 20% ucuzlaşması deməkdir.
Xatırladaq ki, hazırda növbəti mərhələ olaraq ARDNF-nin Çin səhm bazarlarına investisiya yatırımlarının həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Çin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsi tərəfindən verilən “Səlahiyyətli Xarici İnstitusional İnvestorlar” adlı lisenziyanın alınması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsı haqqında qaydalar”ına əsasən ARDNF-nin investisiya portfelinin vəsaiti Böyük Yeddilərə (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələr, Rusiya və Türkiyə, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” ("S & P, "Fitch") və ya “A2” ("Moody's") kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.
Neft Fondunun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. Fondun investisiya portfelinin məcmu dəyərinin 50%-i ABŞ dollarında, 35%-i avroda, 5%-i funt sterlinqdə, qalan 10%-i isə həmin fərmanla təsdiq edilmiş valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
Cari il iyulun 1-nə ARDNF-nin investisiya portfelinin ümumi həcmi 35 726,2 mln. dollar təşkil edib. Bunun 50,1%-i dollar, 34%-i avro, 5,1%-i funt sterlinq, 1,4%-i Çin yuanı, 1,1%-i Türkiyə lirəsi, 0,6%-i Avstraliya dolları, 1,8%-i Rusiya rublu, 1,2%-i Koreya vonu, 1,5%-i digər valyutalarda cəmlənib. Portfelin 3,2%-i və ya 1,4 mln. dolları isə qızıla yatırlıb.