Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) ölkələrində şirkətlərin müflisləşməsi rekord səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, Avropa Statistika Təşkilatı (Avrostat) 2023-cü ilin ikinci rübü üzrə şirkətlərin iflas məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, sözügedən dövrdə Aİ-yə üzv ölkələrdə müflisləşmiş şirkətlərin sayı əvvəlki rüblə müqayisədə 8,4 faiz artaraq məlumatların toplanmağa başladığı 2015-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb.
Bəlli olub ki, ilin ikinci rübündə iqtisadiyyatın bütün sahələrində korporativ müflisləşmələr əvvəlki rüblə müqayisədə artmışdır. Bununla belə, fəaliyyət sahələrinə görə nəzər saldıqda görünür ki, iflaslarda ən çox artım 23,9 faizlə yaşayış və ictimai iaşə xidmətlərində, 15,2 faizlə daşınma və saxlama, 10,1 faizlə isə təhsil, səhiyyə və sosial fəaliyyət sahələrində reallaşıb.
Ölkələr üzrə qiymətləndirildikdə də müəyyən edilib ki, əvvəlki rüblə müqayisədə iflas ərizələrində ən çox artım müşahidə olunan ölkələr Macarıstan (40,8 faiz), Latviya (24,8 faiz) və Estoniya (24,6 faiz) olub.
Bununla da, Aİ ölkələrində sahibkarlıq subyektlərinin iflas bəyannamələrinin sayı ötən altı rübün hər birində artım göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!