Avropa Komissiyası İtaliyanın blokun büdcə qaydalarında çeviklik tələbinə ehtiyatla yanaşıb | Banco.az

Avropa Komissiyası İtaliyanın blokun büdcə qaydalarında çeviklik tələbinə ehtiyatla yanaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyası artan enerji qiymətləri səbəbindən İtaliyanın blokun büdcə qaydalarında çeviklik tələbinə ehtiyatla yanaşıb.

Banco.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının baş sözçüsü Paula Pinyo Brüsseldə keçirilən gündəlik mətbuat konfransında İtaliyanın Baş naziri Corcia Meloninin Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Lyayenə enerji sahəsindəki xərclərlə bağlı büdcə çevikliyinin təmin olunması barədə göndərdiyi məktubla əlaqədar açıqlama verib.

Paula Pinyo bildirib: “Corcia Meloninin sədr Ursula fon der Leyenə ünvanladığı məktubun bizə çatdığını təsdiqləyə bilərəm. Lakin hazırkı mərhələdə məktubun məzmunu barədə şərh verməyəcəyik”.

Avropa İttifaqı Komissiyasının sözçüsü Balaj Ujvari isə qeyd edib ki, “Hazırda əsas diqqət artıq mövcud olan Avropa Birliyi fondlarından tam şəkildə istifadə edilməsinə yönəlib”.

Balaj Ujvari “Növbəti Nəsil Avropa Birliyi”, uyğunlaşma siyasəti və modernləşmə fondu kimi vasitələr çərçivəsində enerji yatırımları üçün təxminən 300 milyard avronun əlçatan olduğunu xatırladıb. O bildirib ki, “Avropa İttifaqının büdcəsində enerji sahəsi üzrə hələ istifadə olunmamış təxminən 95 milyard avro vəsait mövcuddur. Hazırda əsas məqsəd üzv ölkələrin bu qalan resurslardan səmərəli şəkildə istifadə etməsini təmin etməkdir”.

Balaj Ujvari həmçinin xatırladıb ki, Avropa İttifaqı enerji çatışmazlığı və yüksək qiymətlər fonunda yatırımları dəstəkləmək məqsədilə dövlət yardımı mexanizmlərini qısa müddət əvvəl daha çevik hala gətirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram