Almaniyanın Xarici İşlər Naziri avqustun 27 – də ABŞ prezidenti Donald Trampı ticarət tərəfdaşları olan Türkiyə, Çin və Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı tənqid edib.
Berlində keçirilən Səfirlərin İllik Konfransında çıxış edən Heiko Mass, Avropalı şirkətlərin belə birtərəfli sanksiyalardan qorunması üçün tədbirlər görüləcəyini vəd etdi.
“Rəsmi Vaşinqtonun tətbiq etdiyi sanksiyalar biz Avropalıların qarşısına cavab vermək zərurəti qoyur. Çünki bu vəziyyət, yəni ABŞ hökumətinin Rusiya, Çin və Türkiyəyə, bəlkə də gələcəkdə digər mühüm ticarət tərəfdaşlarımıza qarşı birtərəfli və əsasən də dəqiqləşdirilməmiş sanksiyalar tətbiq etməsi bizə mənfi təsir göstərir,” o vurğuladı.
Maas iddia edir ki, Avropa İttifaqına üzv ölkələr qlobal maliyyə sahəsində ABŞ üstünlüyünə qarşı birlikdə hərəkət etməlidirlər. O, həmçinin ABŞ nəzarətində olan SWIFT beynəlxalq ödəniş sisteminə Avropa alternativini də təklif edi.
“Ticarət, iqtisadiyyat və maliyyə siyasətləri sahəsində Avropanın müstəqilliyini və suverenliyini daha da gücləndirməliyik,” deyə bildirən nazir, “Bu asan olmasa da, biz artıq məsələ ilə bağlı çalışmağa başlamışıq. Biz hazırda müstəqil ödəniş sistemi yaradılmasını və Avropa Valyuta Fondunun təsis edilməsini nəzərdə tutan təkliflər üzərində çalışırıq,” deyə əlavə etdi.
Qeyd edək ki, Xarici İşlər Nazirinin gələn ay ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etmək üçün Türkiyəyə rəsmi səfər edəcəyi planlaşdırılır.
Tamara Mustafayeva, Banco.az