Avronun dollara nisbətdə ucuzlaşması manatın məzənnəsinə mənfi təsir edəcək | Banco.az

Avronun dollara nisbətdə ucuzlaşması manatın məzənnəsinə mənfi təsir edəcək

Avronun dollara nisbətdə ucuzlaşması manatın məzənnəsinə də təsir edəcək.

Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi avro son 7 ayda ən aşağı səviyyəyə düşüb. ANS PRESS-in məlumatına görə, bu gün beynəlxalq birjalarda 1 avro 1,06003 dollara bərabərdir. 

Bundan əvvəl isə dünya birjalarında avronun dollar qarşısında ən aşağı məzənnəsi 1,06004 idi.

Apreldən sonra avronun məzənnəsində kifayət qədər artım olub. Oktyabrın 15-də 1 avro 1,14703 dollara bərabər olub. Sonradan avronun dollara olan kursu müəyyən tərəddüdlərlə də olsa yenidən enməyə başlayıb.



Dünya iqtisadçıları avronun ucuzlaşmasının davam edəcəyini bildirirlər. "Böyük ehtimalla, müəyyən müddət ərzində avro 1,05 dollardan da aşağı olacaq", - deyə Milli Avstraliya Bankının iqtisadçısı Rey Ettrill bildirib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadiyyat doktoru Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında bildirib ki, ümumiyyətlə, son dövrlərdə ABŞ dolları bütün valyutalara nisbətdə möhkəmlənib, bahalaşıb.

"ABŞ Federal Ehtiyat Sistemi dekabr ayında uçot dərəcəsinə yenidən baxıb və onun dəyişdiriləcəyi ilə bağlı qərar qəbul edib. Bu açıqlama da valyuta bazarına təsir edib, dolların birmənalı şəkildə möhkəmlənməsinə gətirib çıxarıb. Bu səbəbdən dolların digər valyutalara nisbətən məzənnəsində də artımlar müşahidə edilir", - deyə Vüqar Bayramov bildirib.


Vüqar Bayramov - İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadiyyat doktoru

Onun sözlərinə görə, avro və dollar arasında fərqə Avropa Mərkəzi Bankının dövriyyəyə 1,1 trilyon avronu buraxması da təsir edib. 

Odur ki, dövriyyədəki avronun artması həm də avronun möhkəmlənən dollara nisbətdə daha da ucuzlaşmasına səbəb olur və iki məzənnə arasında fərq daha da çoxalır.

Bu tendensiya Azərbaycan Mərkəzi Bankının açıqladığı məzənnələrdə də özünü göstərir. Məsələn, noyabrın 22-də 1 manat 1,0506 dollar idisə, bu gün dollar bahalaşıb və 1,0511 olub.

Avronun məzənnəsi isə əksinə, ucuzlaşıb. Belə ki, noyabrın 22-də 1 manat 1,1256 avro idisə, bu gün həmin rəqəm 1,1156-ya qədər düşüb. Bu da təxminən 1 faiz ucuzlaşma deməkdir.

Bu proseslərin Azərbaycana təsirindən danışarkən Azərbaycanda ikivalyutalı sistemdən istifadə olunması da nəzərə alınmalıdır. Yəni manatın məzənnəsi tək dollara deyil, avroya nisbətdə də müəyyənləşir. 

Ona görə də avronun dollar qarşısında zəifləməsi manatın da öz növbəsində dollara nisbətdə zəifləməsinə, lakin avro qarşısında möhkəmlənməsinə səbəb olur. 

Bütün bu proseslər Azərbaycan bazarına da təsir edə bilər. Bu təsir xüsusilə Avropadan gətirilən məhsulların ucuzlaşmasında özünü göstərə bilər. Bununla belə, bütün bunlar ölkə bazarında ciddi dəyişikliklərə səbəb olması gözlənilmir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et