Asiya İnkişaf Bankı (ADB) Azərbaycan üzrə inflyasiya proqnozunu 0,4% bəndi artırıb.
Bu barədə Bankın məlumatında bildirilib. Belə ki, ADB 2025-ci il üçün orta illik inflyasiya proqnozunu 4,2 % səviyyəsinə qaldırıb, 2026-cı il üzrə isə 3,5% müəyyən edib.
Bank Qafqaz və Mərkəzi Asiya ölkələrində isə inflyasiyanı 2025-ci ildə 6,9 %, 2026-cı ildə isə 5,9 % proqnozlaşdırıb.
“2024-cü ilin iyun ayında tənzimlənən yanacaq qiymətlərinin artırılması digər daxili qiymətlərə də təsir göstərməyə davam edir. Bundan əlavə, 2025-ci ilin yanvar ayında su, elektrik enerjisi və bəzi digər kommunal xidmətlərin tarifləri artırılıb ki, bu da inflyasiya təzyiqlərini gücləndirib.
İnflyasiyanı 2%–6% hədəf diapazonunda saxlamaq üçün Mərkəzi Bank 2024-cü ilin may ayından bəri faiz dərəcəsini 7.25% səviyyəsində sabit saxlayır.
2025-ci ildə isə qlobal tarif dəyişikliklərinin mümkün təsirləri nəticəsində idxal qiymətlərinin artması inflyasiyanın yüksəlməsinə səbəb ola bilər. 2026-cı ildə isə daha zəif iqtisadi artım və əvvəlki inzibati qiymət artımlarının təsirinin azalması inflyasiya səviyyəsinin enməsinə gətirib çıxara bilər” – ADB əlavə edib.
apa