"ASAN.net " informasiya xidməti yaradılır | Banco.az

"ASAN.net " informasiya xidməti yaradılır

Azərbaycan İnternet Forumu ölkədə internet xidmətləri sahəsində mövcud problemləri aradan qaldırmaq məqsədilə yeni layihə təklifi hazırlayıb. 

 Qurum cari problemlərin aradan qaldırılması üçün ASAN.net informasiya sisteminin yaradılmasını təklif edir.

Bu məqsədlə artıq qurum tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimova da müraciət göndərilib.

AİF-dən əldə etdiyimiz məlumata görə Müraciətdə internet xidmətləri sahəsində mövcud problemlərə diqqət yönəldilib və onların aradan qaldırılması üçün adı çəkilən xidmətin yaradılması təklif olunub.

Müraciətdə hazırda ölkədə internet xidmətləri sahəsində aşağıdakı problemlərin olduğu qeyd edilib:

-Vətəndaşlar lazım olduqda öz internet provayderlərini onlayn formada dəyişə bilmir

- Vətəndaşların müştərisi olduğu provayderlərin xidmətlərində bəlli bir müddət üçün dəyişiklik etmək imkanları yoxdur (hansısa müddət üçün internet sürətini artırmaq, əlavə xidmətlər almaq və s.)

-Hansısa bir provayderin xidmətindən istifadə edərək digər bir provayderin xidmətininin əldə edilməsində problemlər yaşanır

-Konkret bir ərazidəki provayderlər, onların xidmətləri və tarifləri haqqında mərkəzləşdirilmiş məlumat sistemi yoxdur və s.

Ən sərfəli kredit üçün müraciət et

Bütün bu problemləri həll etmək üçün hazırda vətəndaş kağız fromada ərizələr doldurur, saatlarla, günlərlə vaxt itirir, keyfiyyətli xidmətlərdən və öz büdcəsinə uyğun olan tarif paketlərindən istifadə edə bilmir. Seçim imkanları da kifayət qədər məhduddur. 

Məlumatımıza görə, bu problemləri nəzərə alaraq ASAN.net informasiya sisteminin yaradılması təklif edilir.

Qeyd edilir ki, bu, virtual “one-stop shop” prinsipi əsasında təşkil edilməklə internet provayderlər tərəfindən göstərilən xidmətlərin mərkəzləşmiş formada, vahid portaldan təqdim edilməsini təmin edən informasiya sistemidir.

Azərbaycan İnternet Forumu hesab edir ki, bununla da İnternet provayderlərinə və İPTV xidmətlərinə vahid məkandan qoşulma və xidməti dayandırma imkanı təqdim ediləcək, bununla da  provayderlərə ayrı-ayrılıqda müraciət etməyə ehtiyac olmayacaq. 

İnternet istifadəçiləri üçün internet provayderi, tarif planı, fərqli provayderlərdən fərqli xidmətlər seçmək imkanı yaranacaq. 

Qeyd edilir ki, ASAN.net vasitəsilə mövcud internet provayderin xidmətləri qarşılıqlı inteqrasiya ediləcək. 

Azərbaycan İnternet Forumundan əldə etdiyimz məlumata görə, artıq bu istiqamətdə bir neçə dəfə mütəxəssislərlə birlikdə müzakirələr aparılıb, problemlərin həlli yolları araşdırılıb. Müzakirələrdə Fiber optik və ADSL texnologiya ilə əldə olunan internet xidmətlərinin mərhələli formada bu sistemə qoşula biləcəyi vurğulanıb.
İlkin müzakirələrin yekunu olaraq  Dövlət Agentliyinə adı çəkilən problem və onun həlli yolları ilə bağlı rəsmi müraciət ünvanlanıb.

Mənbə : Xeberler.az