“Apple” Kaliforniyada mənzil inşaatına 2,5 milyard dollar vəsait ayırdı | Banco.az

“Apple” Kaliforniyada mənzil inşaatına 2,5 milyard dollar vəsait ayırdı

“Facebook” və “Google”dan sonra “Apple” da Kaliforniyada mənzil böhranının həlli üçün 2,5 milyard dollar vəsait ayırdı. İki il ərzində şirkət bu işdə fəal iştirak edəcək: 

1 milyard $ aşağı və orta təminatlı insanlar üçün yaşayış yeri tikintisi ilə məşğul olan ştatın və yerli təşkilatların kreditlərinə sərf olunacaq. 

1 milyard $ isə ilk dəfə mənzil alacaq insanlara kömək məqsədilə ipoteka fondunun ixtiyarına veriləcək. Bu vəsaitə iddia etməkdə fövqəladə xidmət işçiləri, müəllim və veteranlar üstünlüyə malik olacaq. 

San-Xosedə 42 akr (təxminən 17 hektar) torpaq əlçatan qiymətlərlə satılacaq mənzillərin inşaatı üçün ayrılıb. “Reuters”in yaydığı məlumata görə, şirkət torpaq sahəsini 300 milyon $ dəyərində qiymətləndirir. Ümid edir ki, burada 3800 yaşayış vahidi tikiləcək. 

150 milyon $ yerli qeyri-kommersiya fondu “Housing Trust” ilə birgə Körfəz bölgəsində yaşayış layihələrinə dəstək üçün ayrılıb. 

50 milyon $ evsizlərə yardımlar edən “Destination: Home” xeyriyyə təşkilatına köçürüləcək. 

Həmçinin oxu:“Facebook” evlərin tikintisi üçün 1 milyard dollar vəsait ayırıb - SƏBƏB 

“Apple” vəd edir ki, beş il ərzində kreditlər üzrə geri ödənişləri təzədən sərmayə olaraq yeni yaşayış layihələrinə yatıracaq. 

Ən sərfəli kredit üçün müraciət et

Mercury News nəşriyyatı daşınmaz əmlak brokeri “Redfin” və ABŞ-ın vətəndaşları siyahıyaalma bürosunun məlumatlarına istinad edərək yazır ki, Körfəz bölgəsində mənzil sahibi olma səviyyəsi yeddi il ərzində minimum həddə çatıb. Həmçinin 2019-cu ilin aprel-iyun aylarında 30 min insan San-Fransiskonu tərk edib. 

Mənzil alışı və kirayə sahəsindəki yüksək qiymətlər ən çox da müəllim, yanğınsöndürən, təcili tibbi yardım və xidmət sferası işçiləri üçün problem yaradır. “Apple” təəssüflə qeyd edir ki, bu insanlar çətin seçim qarşısında qalıb “ev” adlandırdıqları yerdən  imtina etməli olurlar. 

“Apple” bu regionu dünya əhalisi Silikon vadisi ilə tanış olmazdan qabaq öz evi hesab edib. Hələ o dövrdə ən son texnologiya cibimizə yerləşməmişdi. Şirkət vətəndaş kimi özünü adıçəkilən regionun tərəqqisində borclu hesab edir. Çünki regionda insanların bundan sonra da öz ailələri ilə birlikdə yaşamasını və cəmiyyətin inkişafına töhfə verməsini istəyir. 

Həmçinin oxu: Hansı milyonerlər ucuz evdə yaşayır? 

Əlçatan mənzil sabitlik, ləyaqət, imkanlar və qürurun rəmzidir. Həddən çox insanın bundan məhrum olması götürülən kursun davamsız olduğunu göstərir. “Apple” bu problemin həllinin bir parçası olmaq istəyir. 

İyun ayında “Google”, oktyabrda isə “Facebook” Kaliforniyada mənzil inşaatına hərəsi 1 milyard dollar olmaqla vəsait ayırdığını elan edib. “Microsoft” isə 2019-cu ilin əvvəlində bildirmişdi ki, Sietlda əlyetər mənzil tikintisinə 500 milyon dollar yatıracaq. 

Nigar Umaxanlı, Finco.az 

Ən sərfəli krediti almaq üçün müraciət et