Almaniya investorlarının inamı gözlənilməz dərəcədə pisləşir | Banco.az

Almaniya investorlarının inamı gözlənilməz dərəcədə pisləşir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya investorlarının inamı gözlənilməz dərəcədə pisləşir.

Banco.az xəbər verir ki, Almaniyada Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin proqnozlar indeksi fevral ayında 58,3 bəndədək enib. “Bloomberg” tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçıların gözləntisi 65,2 səviyyəsində idi. Sözügedən indeks yanvar ayında 59,6 bənd təşkil etmişdi. Cari şərait indeksi isə proqnozlara uyğun olaraq mənfi 65,9 səviyyəsində formalaşıb.

Mərkəzin prezidenti Axim Vambaxın sözlərinə görə, iqtisadiyyat “bərpa mərhələsinə” daxil olsa da, bu proses hələ də kövrək xarakter daşıyır. O, açıqlamasında xüsusilə sənaye sahəsi və özəl investisiyalar baxımından ciddi struktur çətinliklərin qalmaqda davam etdiyini vurğulayıb.

Ölkədə yüz milyardlarla avro həcmində infrastruktur və müdafiə xərclərinin ötən il zəif artım nümayiş etdirən iqtisadiyyatda əhəmiyyətli canlanma yaradacağına dair ümidlər hələ də qalmaqdadır. Almaniya ötən il 2022-ci ildən bəri ilk dəfə olaraq illik əsasda iqtisadi artım qeydə almışdı. Baş nazir Fridrix Merts iqtisadi artım tempinin cəmi 0,2 faiz olmasını “qənaətbəxş deyil” kimi dəyərləndirmişdi. Hökumət bu il ümumi daxili məhsulun 1 faiz artacağını proqnozlaşdırır. “Deutsche Bank” isə iqtisadi artımın 1,5 faiz səviyyəsində olacağını gözləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram