Aksept hesablaşma forması. Aksept hesablaşma forması ilə hesablaşmanın mənası vəsait alanın ona xidmət göstərən banka məbləğin bank vasitəsi ilə alıcıya ödənilməsi haqqında ödəyiciyə olan tələbdən ibarət hesablaşma sənədini təqdim etməsi kimi başa düşülür.
Ödəniş tələbinə göndərilən malın xüsusiyyətindən (malın adı, miqdarı, qiymət və dəyəri) ibarət mal-nəqliyyat sənədləri əlavə edilməlidir. Bu rekvizitlərdən başqa mal göndərən tələbdə həmçinin, müqavilənin tarix və nömrəsini, göndərilmə tarixini, mal-nəqliyyat sənədlərinin nömrələrini, məhsul alıcının nümayəndəsi tərəfindən yerində qəbul edilərsə, qəbul-təhvil aktlarını, göndərilmə vasitəsini göstərməlidir.
Akseptin xronoloji ardıcıllığından və ödənişin edilməsindən asılı olaraq akseptlər iki yerə bölünür:
1. ilkin,
2. sonrakı akseptlər.
Tərəflər arasında bağlanmış müqavilə üzrə ilkin aksept təyin olunubsa, tələbin yuxarı hissəsində kənarlarda möhür və ya “İlkin aksept” yazısı qeyd edilir. İlkin aksept şərtlərində ödəniş tələbi akseptin daxil olduğu əməliyyat günü ərzində (müsbət aksept zamanı) və ya aksept müddəti bitdikdən sonra növbəti iş günündə (tələbin banka daxil olduğu gün nəzərə alınmamaqla üç gün) ödənilir.
Sonrakı aksept zamanı ödəniş ödəyicinin bankına tələblərin daxil olmasından asılı olaraq əməliyyat günü ərzində yerinə yetirilir. Bir sıra hallarda mənfi aksept ardıcıl olaraq ödənişdən sonra edilir. Bank tələblərin daxil olduğu günü nəzərə almamaqla üç iş günü ərzində akseptdən imtinanı qəbul edir. Akseptdən imtina haqqında məlumatın daxil olduğu gün ödəniş məbləği həmin məbləğin ödəyicisinin hesabında bərpa olunur.
Aksept ödəyicinin ödəniş sənədlərinin ödənilməsinə razılığıdır. Aksept müsbət və mənfi növlərə ayrılır. Müsbət aksept dedikdə, ödəyicinin ödənişi etməsinə razılığı haqqında bankın yazılı bildirişi nəzərdə tutulur. Bildirişin müəyyən müddət ərzində olmaması akseptdən imtina deməkdir. Mənfi aksept zamanı ödəyicinin müəyyən müddət ərzində susması ilə ödənişə razılıq verilir, akseptdən imtina halı yazılı surətdə rəsmiləşdirilir.
Hesablaşma prosesinin maksimal dərəcədə sürətləndirilməsi və sənəd dövriyyəsinin azaldılması üçün sonrakı mənfi aksept daha səmərəlidir, bu isə ölkəmizdə nağdsız hesablaşmanın bu formasının geniş surətdə istifadə olunmasına təsir göstərmişdir.
Hazırda ödəniş tapşırıqları ilə hesablaşma məhdud sahədə, məsələn, ödəniş tələblərinin akseptsiz ödənişi zamanı tətbiq olunur. Ölçü cihazlarının (qaz, su, elektrik enerjisi, istilik enerjisi və s. görə) və ya mövcud tariflərin (telefona görə abunə haqqı, tikintiyə görə icarə haqqı və s. ) göstəricilərinə müvafiq olaraq yazılmış ödəniş tələbləri ödəyicinin hesabından aksept olmadan ödənilir.
Bu hesablaşma forması zamanı sövdələşmənin yerinə yetirilməsinin vacib şərtlərindən biri də odur ki, mal göndərən normativ aktlarda dəqiq qeyd olunmuş müəyyən müqavilə müddəalarına riayət etmədiкdə, ödəyicinin ödəniş tələbinin akseptindən (tam və ya qismən) imtina etmək hüququ var.
Mal sənədlər əsasında qəbul olunarsa, “sifariş olunmayıb” və ya “müqavilə şərtləri pozulub” kimi əsaslar üzrə akseptdən imtina bank tərəfindən qəbul olunmur.
Ödəyici ödəniş tələbinin akseptindən istənilən imtina haqqında səbəbini və imtina olunmuş malları dəqiq göstərməklə banka və mal göndərənə dəqiq məlumat verməlidir. Malların keyfiyyətsizliyi, kompleksdə olmaması, aşağı növdən olması və ya qablaşdırmanın lazımi səviyyədə olmaması səbəbindən ondan imtina edilərkən akseptdən imtina haqqında ərizədə keyfiyyət üzrə qəbul aktının, nəzarət orqanının əmr və ya bildirişinin nömrə və tarixi göstərilməlidir. Qəbul aktının bir nüsxəsi akseptdən imtina haqqında ərizənin göndərildiyi gündən gec olmamaqla mal göndərənə qaytarılmalıdır .
Yuxarıda qeyd edilən variantlardan başqa müqavilələrdə xüsusi nəzərdə tutulmuş hallarda akseptdən tam və ya qismən imtina mümkündür. Bu zaman ödəniş sənədinin ödənilməsindən imtina ərizəsində müqavilənin həmin bəndinə istinad edilməsi tələb olunur. Bankın öhdəliklərinə akseptdən imtina qaydasına, müddət və əsaslılığına nəzarət daxildir. Akseptdən imtina ərizəsində göstərilən səbəblər normativ aktlara və müqavilələrə müvafiq olmadıqda bank imtinanı icraya qəbul etməməlidir.
Ödəyicinin ödəniş tələbinin akseptindən tam və ya qismən imtinasının əsaslı olmasına dair mübahisələr yarandıqda, bu mübahisələr iqtisad məhкəməsi və ya digər iqtisadi nəzarət qurumları tərəfindən araşdırılır.