Ailə büdcəsini necə düzgün idarə etməliyik? - Ekspert məsləhətləri | Banco.az

Ailə büdcəsini necə düzgün idarə etməliyik? - Ekspert məsləhətləri

Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev

Ailə büdcəsinin düzgün idarə edilməsi bütün ölkələrdə hər bir ailə üçün  ən aktual məsələdir. Həyat göstərir ki, bəzi insanlar orta gəlir ilə ailənin maddi ehtiyaclarını daha yaxşı idarə etdiyi və maddi cəhətdən xoşbəxt həyat yaşasa da, digər ondan dəfələrlə çox gəlirləri olan insanlar maddi ehtiyaclarını yaxşı ödəyə bilmir, daima borc bataqlığında batırlar.

Mövzunun aktuallığını nəzərə alaraq, onu Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev ilə müzakirə edirik.

Cavanşir müəllim, ailə büdcəsinin idarə edilməsi nə üçün bütün dövrlərdə insanlar üçün belə aktualdır?

Hər bir ailənin bir dövlət və ya şirkət kimi yaşaması üçün cari və investisiya xərcləri mövcuddur. Hər hansı xərci etməzdən əvvəl isə gəlir olmalıdır. Deməli, hər bir şəxs cari və investisiya xərclərini qarşılamaq üçün müəyyən gəlirlərə malik olmalıdır və ya başqa sözlə desək gəlirlərinə uyğun xərclərini idarə etməlidir (atalar demişkən “yorğanına baxıb, ayağını uzatmalıdır). Deməli, hər bir insan öz gəlirlərinə uyğun xərclərini idarə etməli və ya əksinə, xərclərinə uyğun qanuni yolla gəlir əldə etməlidir. Bunun adı büdcədir, fərd üçün bu “fərdi büdcə”, ailə modelində isə “ailə büdcəsi” adlanır.

Azərbaycanda şərq ölkəsi kimi, kollektivizm fəlsəfəsi, kollektiv dəyərlərə söykənən ailə modeli üstünlük təşkil edir və ailə büdcəsinin idarə edilməsi vəziyyəti ailə üzvlərinin maddi, sosial və mədəni həyatında çox önəmli rol oynayır. Mən deyərdim ki,  məhz bizdə olan sosialıq, adət-ənənələr, dəyərlər baxımından  ailə büdcəsinin düzgün idarə edilməsi Azərbaycanda xüsusi önəm daşıyır.

Digər tərəfdən, sovet dönəmi ilə müqayisədə ailə büdcəsinin düzgün idarə edilməməsi indiki dövrdə daha çox risklər yaradır. Sovet dönəmində insanların yaşayış tərzi arasında çox fərq yox idi, minimal məşğulluq təminatı, pulsuz təhsil, səhiyyə var idi, sosial təminatda rəqabətlik yox idi, hətta çoxlu olanlar belə, indiki kimi əmlaklar ala bilmirdilər, xaricə səfər çox çətin və məhdud idi və s. Amma indi həyat rəqabətlidir, yaşam daha fərqli və bahadır, yeni məhsullar və xidmətlər yaranıb, yeni daha böyük xərclə müşayiət olunan dəyərlər formalaşıb (toy adətləri, evlilərə valideyn tərəfindən ev alınması, yerli və xarici pullu təhsil və s). Belə bir rəqabətli həyatda yaşamaq ailə büdcəsinin düzgün idarə edilməsini zəruri edir.

Son illərdə ailə büdcəsinin düzgün planlaşdıran və idarə edən ailələrin sayı artsa da (Azərbaycan Bank Tədris Mərkəzi apardığı sorğulara əsasən ailə büdcəsini planlaşdıranların xüsusi çəkisi 2015-ci ildəki 30%-dən 2018-ci ildə 50%-dək artmışdır) aşağıdakı qrupa daxil olan insanlar təəssüf ki, hələ də az deyildir:

  1. əlinə düşən pulu sağa-sola xərcləyir, reallıqdan uzaq olan fərziyyələrə uyub “allah kərimdir” deyə sabahını düşünmür;
  2. real ödəmə potensialı olmadan borc götürürlər (ya tanışdan, ya bankdan pul götürür, ya da nisyə mal-mülk alırlar);
  3. kreditlə “kübar ailə”, “imkanlı adam”, “inteligent adam”  obrazı yaratmaq istəyirlər.

Ailə büdcəsini düzgün idarə edilməməsi aşağıdakı fasadlara gətirib çıxarır:

  • insan özü və ailə üzvləri tez-tez stress yaşamalı olurlar, bir müddət borc və nisyə hesabına kef edir, sonra burnundan gəlir, ailə münaqişələri yaranır, ailələr dağılır;
  • izafi və düzgün olmayan borclanmalar mövcud əmlakın əldən çıxması, azadlıqdan məhrumetmə və s məsuliyyətlər yaradır;
  • qohum, dost, tanış belə adamlardan qaçır və s.

Beləliklə, qanuni yolla gəlir əldə etmək və bu gəlirlərə uyğun yaşamağı öyrənmək ən doğru yoldur. Kimsə daha yaxşı yaşamaq istəyirsə, qanuni yolla daha çox pul qazanmağa çalışmalıdır. Əgər bütün cəhdlərə rəğmən bu alınmırsa, o zaman qazanılan vəsaitə uyğun yaşamağı öyrənmək lazımdır. Bu isə ailə büdcəsinin daha düzgün idarə edilməsi deməkdir.

 Ailə büdcəsinin idarə edilməsi nədən başlamalıdır?

Yuxarıda qeyd etdiyim kimi, xərclərimizi gəlrilərimizə uyğun etməliyik və ya xərclərimizə uyğun olaraq, qanuni yolla gəlir etməliyik. Bu büdcə planlaşmasıdır. Digər büdcələr olduğu kimi, ailə büdcəsinin gəlirləri və xərcləri eyni vaxtda planlaşdırılmalıdır.

Ailə büdcəsi planlaşdırılan zaman aşağıdakılar nəzərə alınmalıdır:

  • Daimi  və ya stabil gəlirlər (əmək haqqı, pensiya və müavinətlər, əmanət faizləri, icarə gəlirləri və s) və bu gəlirlərin tam və ya qismən azalması ehtimalları
  • Dəyişkən gəlirlər (işəmuzd gəlirlər, pul köçürmələri, mövsümi gəlirlər və s) və bu gəlirlərin tam və ya qismən azalması ehtimalları

Hətta biz stabil əmək haqqı və ya icarə gəliri əldə ediriksə də belə,  bu gəlirlərin tam və ya qismən azalması ehtimallarını nəzərə almalı, hər hansı risk gözlənirsə (ixtisara düşmək, işdən qovulmaq, iş yerini bağlanması və ya iflası, icarə obyektlərini boşalması və s) belə gəlirlər hesabına o qədər də zəruri olmayan xərcləri planlamaq risklidir. Zəruri olmayan belə xərclərə borc hesabına daha lüks avtomobil, məişət cihazları, mebel almaq, dəbdəbəli toy etmək, istirahətə getmək və s  misal gətirmək olar.

Qədimdən ata-babalarımız evdə ehtiyat un, qənd-çay və digər ərzaqlar saxlayardılar. Bu yalnız ona görə deyildi ki, indiki kimi 24 saat işləyən marketlər yox idi, bu həm də ciddi ehtiyatlılıq prinsipi idi. Amma indi biz bir çox hallarda hətta gəlirlərimiz orta olsa da belə son qəpiyimizədək xərcləyirik, riskləri qulaq ardına qoyuruq.

Büdcənin planlaşmasına xərclərin hamısının nəzərə alınması, onları vacib (qaçılmaz) və ikinci dərəcəli (imkan olanda edəcəm) kimi xərclərə bölünməsi tövsiyə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Xərclər bölmək lazımdır:

  • Gündəlik zəruri xərclər (ərzaq, gündəlik tələbat malları, nəqliyyat, ciblik)
  • Aylıq zəruri xərclər (kommunal, internet, telefon, kredit ödəmələri)
  • Dövrü zəruri xərclər (paltar, zəruri və standart, kommunal  infrastruktur və məişət cihazlarının cari təmiri, təhsil, məişət cihazlarının əsaslı təmiri və ya dəyişdirilməsi, daim müalicə xərcləri, ev təmiri, gözlənilən toy-yas xərcləri)
  • İkinci dərəcəli xərclər (daha bahalı avtomobil, məişət cihazları, mebel, ev əşyaları, bahalı istirahət və s).

Ailə büdcəsi elə planlaşdırılmalıdır ki, hər zaman stabil gəlirlər zəruri xərcləri tam ödəsin (kredit ödənişləri daxil) və ən azı 20% gözlənilməz xərclər (qəfildən avtomobilin xarab olması, gözlənilməz xəstəlik) üçün ehtiyat yaradılmalıdır. Ya ehtiyat yaratmaq alınmırsa, o zaman sağlam kredit tarixçəniz olmalıdır ki, bu cür gözlənilməz xərcləri kredit hesabına bağlayasınız, əgər krediti geri ödəmə potensialı mövcuddursa. Ona görə hər bir şəxs gəlirin səviyyəsindən asılı olmayaraq, qənaət etməyi bacarmalı, “pul oğruları” ilə mübarizə aparmağı baxarmalıdır.

Gəlirləri az olan insanlar necə qənaət edə bilərlər və “pul oğruları” deyildikdə nə başa düşülür?

Qənaət etmək gəlirdən asılı deyil. Mən 4 ailə üzvü olub, ayda gəlirləri 500 manat olub, ondan qəfil xəstəlik (qrip və s), gözlənilməz xərc üçün ehtiyat yığan adamlar tanıyıram. Məsələ ondan ibarətdir ki, xəstəlik, ev cihazının qırılması, su kranın xarab olması hər adam üçün gözləniləndir.

Qənaətin əsas yolu “pul oğruları”na qarşı mübarizədir. “Pul oğrusu” vacib olmayan mal və xidmətlədirlər. Məs: siqaret çəkmək, spirtli işçi içmək, bahalı hədiyyələr, şirniyyatlar, çayxana, pivəxana, bəzək əşyaları, yeməkxana, dəbdəbə paltarlar, tez-tez mobil telefon dəyişmə və s. Bu xərclər olmadan da yaşaya bilirik. Belə xərclər o şəxslərə aiddir ki, onların stabil gəlirləri qənaət etməyə və artıqlaması ilə belə xərclərə imkan verir. “Qonşu getdi, mən qaldım” deyə belə xərclərə yol  vermək olmaz. Bundan əlavə, hər bir xərcdə qənaət etmək olar. Məs: tez-tez görürəm ki, bəzi insanlar bankomatdan pulu çıxarır, mağazadan mal və pal-paltar alır, kommunal xərclər ödəyir. Bankların çoxu indi kartla aparılna əməliyyatlara görə 2%-dən 20%-dək cash back (alışa görə nağd pul ödənişi) edir. Bundan başqa, vergi məcəlləsinə görə ticarət şəbəkəsində kartla ödənilən ƏDV-nin 15%-i geri qaytarılır. Mən hər ay xərclədiyim pulun ortalama 8%-ni geri alıram. Yəni xərclədim puldan belə 8% qazana bilirəm. Kommunal xidmətlər, mobil telefon xərcləri, ərzaq məhsulları və digər bütün xərclərdə qənaət etmək mümkündür. Sadəcə (1) bunu istəmək,  (2) alternativi düşünmək və (3) başqası ilə bəhsə-bəs etməmək lazımdır.   

İnvestisiya xərclərini necə qarşılamaq olar?

İnvestisiya  xərclərini qarşılamağı bir neçə ümumi yolu mövcuddur:

  1. Tamamilə yığımlar hesabına etmək
  2. Qismən yığım və kredit (nisyə daxil) hesabına etmək
  3. Tamamilə kredit hesabına etmək.

Əlbəttə, İnvestisiya  xərclərini tamamilə yığımlar hesabına etmək ən düzgün addımdır, çünki faiz ödəmirsən. Tamamilə kredit hesabına edilən investisiya xərcləri daha bahalı və risklidir, çünki bir tərəfdən xərclərin çoxalır, digər tərəfdən borcu ödəyə bilmədikdə mövcud əmlaklarından, hətta azadlıqdan məhrum olunma ilə üzləşə bilərsən.

Borc bataqlığına düşməmək üçün nələri tövsiyə edərdiniz?

Borc bataqlığına düşməmək üçün aşağıdakıları nəzərə almaq lazımdır:

  1. Ailə büdcəsini düzgün idarə etmək lazımdır.
  2. “Başqası ilə bəhsə getmək” deyil “Yorğanına görə ayaq uzat” prinsipi ilə yaşamağı öyrənmək lazımdır.
  3. “İgid ehtiyatlı olar” misalına uyğun hər zaman “yaxşı yaxşıdır, pis olanda mən nə edəcəm” sualına cavab verməyə hazır olmaq lazımdır.
  4. Maddi imkanların məhduddursa, “Pul oğruları”ndan uzaq olmaq lazımdır.

Qaytarılmasına stabil gəlirlər imkan verməyən öhdəlik altına girmək olmaz. Mənim 38 illik bank təcrübəm göstərib ki, həm istehlak, həm də biznes kreditlərinin geri ödənilməsində problemin əsas səbəbi borcalanların  öz risklərini düzgün dəyərləndirilməməsi, həddindən artıq borclanması, öhdəliklərin icrasına laqeyd yanaşması, öz gəlirlərini və xərclərini o qədər də real olmayan fərziyyələr üzərində qurmaları olmuşdur.

Borc məsuliyyət və xərcləmələr azadlığının məhdudlaşdırılması deməkdir. Ona görə alman atalar sözündə deyilir ki, “borc alan azadlığını satar”. Əgər azadlığını itirmək istəməyən şəxs borc götürən zaman “yüz ölçüb bir biçməlidir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et