AİB: Azərbaycanın məzənnə siyasətinin dəyişdirilməsi proqnozlarımıza təsir edəcək | Banco.az

AİB: Azərbaycanın məzənnə siyasətinin dəyişdirilməsi proqnozlarımıza təsir edəcək

 "Hal-hazırda Asiya İnkişaf Bankının (AİB) Bakıdakı daimi nümayəndəliyi tərəfindən aparılan araşdırmalar cari ilin mart ayının sonunda tamamlanacaq. Təhlillər 2014-cü ilin yekunları və 2015, 2016-cı ilin proqnozlarını əhatə edir".

Bunu “APA-Economics”ə Asiya İnkişaf Bankının (AİB) Bakıdakı daimi nümayəndəliyin baş iqtisadçısı Nail Vəliyev deyib.

“Ümumiyyətlə proqnozların verilməsi bu il bir qədər çətinləşib, çünki neftin ucuzlaşması fonunda Azərbaycan iqtisadiyyatı müəyyən çətinliklərlə üzləşir. İlk növbədə neftin qiymətinin düşməsi Azərbaycanın büdcəsinə ciddi təsir edir və bu təsir nəticəsində ola bilsin ki, hökumət müəyyən dərəcədə prioritet olan layihələrin icrasına üstünlük versin, büdcədə kapital xərclərinin azaldılması siyasətinə keçsin. Bu günə qədər Azərbaycan büdcəsində kapital əsaslı vəsait qoyuluşu artırılırdı və bunlar da hökumət tərəfindən qeyri-neft sektorunun dəstəklənməsinə yönəlirdi. Ancaq son zamanlar neft gəlirlərinin aşağı düşməsi sözsüz ki, hökumət qarşısında müəyyən məsələlərin baxılmasını zəruri edir . Bununla belə, neftin ucuzlaşması 2014-cü ildə Azərbaycan üçün təsirsiz ötüşdü. Çünki bildiyiniz kimi, ötən il neftin 1 barelinin satış qiyməti orta hesabla 100 dollardan çox olub”, - deyə N. Vəliyev bildirib.

Azərbaycan Mərkəzi Bankı tərəfindən məzənnə siyasətinin dəyişdirilməsini şərh edən N. Vəliyev deyib ki, dolların bahalaşması Azərbaycana təsirsiz ötüşməyəcək: "Amma Mərkəzi Bankın kifayət qədər strateji valyuta ehtiyatları var və bu ehtiyatdan istifadə edərək manatın kəskin şəkildə deyil, tədricən ucuzlaşması baş verəcək. Bu qərara əsasən, biz öz proqnozlarımızı da dəyişmək məcburiyyətindəyik. Çünki manatın məzənnəsinin dəyişməsi inflyasiyaya təsir edən faktorlardandır. İnflyasiyanın artması iqtisadi artıma nə qədər təsir edəcəyini araşdırırıq. Digər bir məsələ ondan ibarətdir ki, neftdən əldə olunan gəlirlərin aşağı düşməsi, o cümlədən büdcə xərclərinin azalması qeyr-neft sektorunun inkişaf tempinə də öz təsirini göstərəcək. Sözsüz ki, neftin ucuzlaşması əsasən neft sektoruna təsir edir. Bildiyiniz kimi, 2015-ci il üçün Azərbaycanın dövlət büdcəsində neftin baza qiyməti 90 dollar səviyyəsində götürülüb. Hazırda isə neftin 1 barelinin qiyməti 50-60 dollar səviyyəsindədir. Lakin Azərbaycanın strateji valyuta ehtiyatlarıni nəzərə alsaq və fiskal siyasətlə bağlı zəruri tədbirlər görülərsə, qısa müddətdə iqtisadi artımı qoruyub saxlamaq olar”.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı qeyd edib ki, hazırda valyuta siyasətində yeni bir tendensiya müşayiət olunur: "Bazarda dollara tələbat artıqdır. Burada psixoloji faktor da öz sözünü deyir. Ölkə üzər əmanətçilər tərəfindən əmanətlərini manatdan dollara çevirmək tendensiyasını var. Əgər 2014-cü ilin statistikasına baxsaq görərik ki, dekabrda dollarla yatırılan depozitlərin həcmi 7% artıb. Məhz dekabr ayında ciddi sıçrayış baş verib. Manatla yatırılan depozitlərə nəzər salsaq isə görərik ki, burada azacıq da olsa azalma var. Halbuki, dekabr ayına qədər manatla yatırılan depozitlərin həcmi artan templə yüksəlirdi. Bəzi ölkələrdə ki, təcrübələrdən məlumdur ki, bazarda dollara üstünlüyün verilməsi iqtisadiyyatda dollarlaşma effekti yaradır ki, bunun da tənzimlənməsi vacibdir".

Mərkəzi Bankın sədri Elman Rüstəmovun inflyasiya üzrə oriyentirin 5-7% səviyyəsində olacağı ilə bağlı açıqlamasına toxunan baş iqtisadçı deyib ki, bu məsələdə də tənzimləyici orqan inflyasiyanın qeyd olunan səviyyədə saxlanılması üçün bütün lazımi tədbirləri görəcəkdir və Mərkəzi Bank qeyri ənənəvi maliyyə alətlərindən də istifadə edə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et