Aİ və Yaponiya süni intellekt sahəsində əməkdaşlığı artıracaq | Banco.az

Aİ və Yaponiya süni intellekt sahəsində əməkdaşlığı artıracaq

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa İttifaqı (Aİ) və Yaponiya süni intellekt, məlumatların idarə edilməsi, kvant texnologiyası, yarımkeçiricilər və rəqəmsal infrastruktur kimi sahələrdə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Banco.az xəbər verir ki, Avropa Komissiyasının açıqlamasına görə, Brüsseldə 4-cü Aİ-Yaponiya Rəqəmsal Tərəfdaşlıq Şurasının iclası keçirilib.

Tərəflər həmçinin Yaponiyanın tədqiqat, inkişaf və innovasiya layihələrinə dəstək vermək üçün Aİ tərəfindən yaradılan Horizon Europe Proqramında iştirakı ilə bağlı razılaşmadan məmnunluqlarını ifadə ediblər.

Aİ və Yaponiya kontent moderasiya sistemlərinin şəffaflığı və onlayn platformalar üçün qaydalarla bağlı qanunsuz kontent hesabat sistemlərinin effektivliyi sahələrində əməkdaşlığı təkmilləşdirəcəklərini vurğulayıblar və yarımkeçirici sektorunda rast gəlinən təchizat zənciri problemlərini həll edəcəklərini bildiriblər.

Qeyd edək ki, tərəflər rəqəmsal tərəfdaşlıqlarının başlanğıcını 2022-ci ildə Tokioda keçirilən 28-ci Aİ-Yaponiya Zirvə Görüşündə elan ediblər.

5-ci Aİ-Yaponiya Rəqəmsal Tərəfdaşlıq Şurasının iclasının 2027-ci ildə Tokioda keçirilməsi planlaşdırılır.