AFB Bank 2018-ci ilə mənfəətlə başlayıb | Banco.az

AFB Bank 2018-ci ilə mənfəətlə başlayıb

AFB Bank 2018-ci ilin 1-ci rübünü mənfəətlə başa vurub. Rüb ərzində gəlirləri 11 milyon 751 min manat, xərcləri 6 milyon 560 min manat olan Bankın xalis mənfəəti 5 milyon 191 min manat təşkil etmişdir.

Bankın aktivləri 30 mart 2018-ci il tarixinə 466 milyon 208 min manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 47% artmışdır.

AFB Bank-ın məcmu kapitalı 70 milyon 687 min manat, nizamnamə kapitalı isə 70 milyon 393 min manat təşkil edir ki, bu da Mərkəzi Bankın kommersiya banklarının kapitalına dair müəyyənləşdirdiyi tələbə tam cavab verir. Bankın göstəricilərində birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 22.37%, məcmu kapitalın adekvatlığı isə 27.67% təşkil edir.

Bank ilin ilk rübündə aktivlər üzrə ehtiyatların yaradılmasına 2 milyon 510 min manat ayırmışdır. Bank aktivlərinin səmərəliliyini əks etdirən ROA əmsalı 1.12%, kapitalın gəlirliliyi (ROE) əmsalı isə 7.37% təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

AFB Bank-ın İdarə Heyətinin sədri Zaur Qaraisayev bildirmişdir ki, Bankın 2018-2020-ci illər üzrə təyin etdiyi Strateji inkişaf planının önəmli prioritetləri olan rəqabətli və qabaqcıl texnologiyaların tətbiqi, maliyyə alətlərinin təkmilləşdirilməsi, mövcud portfelin keyfiyyətinin yaxşılaşdırılması, müştərilərə daha yaxın və yüksək xidmətlərin göstərilməsi məqsədilə Bankın xidmət şəbəkəsinin genişləndirilməsi və səmərəli fəaliyyəti, infrastrukturun və Bank imicinin yüksək səviyyəyə çatdırılması, bazar mövqeyinin möhkəmləndirilməsi istiqamətində görülən işlərlə fəaliyyətini sürətlə davam etdirir. Bu prioritet hədəflərə çatmaq üçün  Bank müştəri xidmətlərində  texnoloji yeniliklərin, yeni bank məhsul və xidmətlərin tətbiqinə xüsusi önəm verir.

Fəaliyyət dövrünün 9 illiyini qeyd edən AFB Bank mərkəzi ofisindən əlavə regionlar daxil olmaqla ümumi 10 filialı, 5 şöbəsi və eyni zamanda ölkə üzrə 50 bankomatı əhatə edən xidmət şəbəkəsinə malikdir.