Adaptiv liderliyin əsas prinsipləri nələrdir? | Banco.az

Adaptiv liderliyin əsas prinsipləri nələrdir?

Adaptiv liderlik Ronald Heyfeç və Marti Linski tərəfindən təqdim olunmuş liderlik modelidir. Heyfeç bunu bir qrup insanı mürəkkəb problemləri həll etmək və sonda qalib gəlmək üçün səfərbər etmək kimi müəyyən edir.

Keçmiş illərlə müqayisədə günümüzdə liderlik xeyli dəyişilib. Bir qəhrəmanın müstəqil şəkildə nəticə əldə etməsi fikri köhnəlmiş hesab olunur. Bu gün liderlik komanda idman növü olaraq görülür. Şirkət rəhbərləri və rəhbər vəzifələrdə çalışan digər şəxslər artıq məqsədlərə çatmaq və dəyişiklik etmək üçün işçilərlə çiyin-çiyinə çalışırlar. Bununla birlikdə, korporativ dünyanın dəyişkənliyini və qeyri-müəyyənliyini nəzərə alaraq idarəçilər çətinliklə qarşılaşanda şəraitə uyğun hərəkət edirlər. Korporativ liderlər ortaya çıxan hər hansı bir problemi aradan qaldırmaq üçün yeni strategiya və üsullar tətbiq etməlidirlər ki, bu da adaptiv liderliyin əsas məqsədidir.

Həmçinin oxu: Bu 6 sualı cavablayanlar mükəmməl rəhbər ola bilər

Texniki və adaptasiya problemləri

Adaptiv liderlik modeli iki növ problemi müəyyən edir: texniki və adaptiv. Texniki problemlərə gəldikdə, artıq adekvat, əvvəlcədən təyin edilmiş bir həll mövcuddur və sadəcə bir neçə etibarlı mütəxəssis tələb olunur. Ümumiyyətlə, texniki problemlər mexaniki məsələlərdir və peşəkarlar tərəfindən həll edilir.

Adaptiv problemləri həll etmək üçün isə şablon cavablar yoxdur. Bundan əlavə, məsələlərin həllinə yönəldilmiş müəyyən qaydalar və prosedurlar mövcud deyil. Əksər hallarda problemin tərifi dəqiq tərtib olunmur və texniki həllər yoxdur. Belə vəziyyətlərdə adaptiv rəhbərliyin təcrübəsi məqsədəuyğun olur. Lider əvvəlcə problemin müəyyənləşdirilməsinə kömək edir, sonra da mümkün həll yollarını tapmaq üçün həmkarlarını səfərbər edir.

Adaptiv liderliyin dörd əsas prinsipi var:

1. Emosional intellekt

Bu, başqalarının və özünün hisslərini anlamaq qabiliyyətidir. Emosional zəkası güclü olan rəhbər komanda üzvlərinin etibarını qazana və davamlı əlaqələr qura bilər.

2. Təşkilati ədalət

Adaptiv rəhbərliyin digər əsas prinsipi dürüstlük mədəniyyətini inkişaf etdirməkdir. Adaptiv rəhbərlər təşkilatın düzgün işləməsi üçün ən yaxşı strategiyaları və dəyişiklikləri həyata keçirməyin ən münasib yollarını bilirlər. Buna görə də insanlar onları qəbul edir. Belə lider digər insanların fikirlərini nəzərə almağı və bununla da tabeliyindəki işçilərin özlərini əhəmiyyətli və dəyərli olduğuna inandırmağı bacarır.

3. İnkişaf

Adaptiv rəhbərlik yeni şeylər öyrənməyi ehtiva edir. Taktikalardan biri gözlənilən nəticəni vermirsə, situasiyaya uyğunlaşmağı bacaran lider yeni strategiyalar tapmağa çalışır. Yeni metodların tətbiqi sayəsində işçilərin və şirkətin peşəkar inkişafı baş verir.

Həmçinin oxu: Dünyanın ən yaxşı CEO-su kimdir? 

4. Xarakter

Adaptiv liderlik dərrakənin və yaradıcılığın — xarakterin mövcudluğunu nəzərdə tutur. Uyğunlaşan rəhbərlərin davranışı həmişə düzgün olmaya bilər, lakin birgə işlədikləri insanların nüfuzunu qazanırlar. Çünki başqalarının rəylərinə, tövsiyələrinə hörmətlə yanaşırlar.

Ən sərfəli kredit üçün müraciət et

Adaptiv rəhbərin xüsusiyyətləri

Hər adaptiv liderin sahib olmalı olduğu müəyyən xüsusiyyətlər var:

· Təşkilati dəyişikliyi əsas dəyərlər, maraqlı tərəflərin imkanları və istəkləri ilə əlaqələndirmək qabiliyyəti;

· Baxışların müxtəlifliyini nəzərə alan və kollektiv biliklərdən təşkilatın xeyrinə faydalanan şərait yaratmaq bacarığı;

· Uyğunlaşan lider dəyişikliyin ağrılı ola biləcəyini başa düşür. Odur ki, komanda yoldaşları tərəfindən arzuolunmaz davranışları proqnozlaşdırıb buna qarşı çıxa bilir;

· Genişmiqyaslı dəyişikliyin bu dəyişikliklərlə əlaqəli təzyiqə tab gətirmək üçün əzm və hazırlıq tələb edən mərhələli bir proses olduğunu başa düşmək;

· Əlverişli fürsətlər axtarmaq və inkişaf üçün zəruri sərmayə yatırmaq;

· Öz səhvlərini etiraf etmək və qeyri-effektiv strategiyaları dəyişdirmək, yaxud onlardan imtina etmək bacarığı;

· Eksperimentlərə və riskli qərarlar qəbul etməyə açıq olmaq;

· İşçilərin innovativ fəaliyyətinin təşviqi və stimullaşdırılması;

· Adaptiv liderliyi həyata keçirməyin çətinlikləri.

Həmçinin oxu: Liderlərin yol verdiyi 3 BÖYÜK səhv 

Dəyişikliklər etmək keçmişə qarşı bir az sərt olmağı tələb edir. Məsələn, yeni bir marketinq strategiyası həyata keçirmək istəyirsinizsə, ilk növbədə mövcud marketinq metodlarının təsirsiz olması faktını qəbul etməlisiniz. Əksər səriştəli menecerlər şirkətlərinin əsasını qoyan uzunmüddətli strategiyalardan imtina etməkdən çəkinirlər. Beləliklə, köhnə metodların istifadəsi yeni texnikaların istifadəsi nəticəsində əldə oluna biləcək mənfəəti rədd etməyə səbəb olur.

Adaptiv liderliyi dörd əsas prinsipdən istifadə edərək qısaca xarakterizə etmək olar: Rəhbərliyin bölüşdürülməsi, qabiliyyətlərin optimal birləşməsi, nizamnamənin aydınlığı və qarşılıqlı etimadın möhkəmləndirilməsi. Lider öz səlahiyyətlərini komanda üzvlərinə həvalə edir. Qabiliyyətlərin optimal birləşməsi yalnız top menecerlərin deyil, hər bir işçinin bacarıqlarının istifadəsini əhatə edir. Aydın bir nizamnamə şirkətin və ya komandanın ciddi şəkildə müəyyənləşdirilmiş məqsədlərə, öhdəliklərə və əsas qaydalara riayət etməsidir. Qarşılıqlı etimad isə əməkdaşlar, işəgötürənlər və müştərilər arasında möhkəm münasibət qurmağa kömək edir.

Statistikaya görə, şəraitə tez adaptasiya olan şirkətlər yekunda həm maddi, həm də əməliyyat cəhətdən çox böyük mənfəət qazanırlar. Həmçinin qeyri-sabitlik dövründə belə çətinlikləri dəf edə və əla nəticələr əldə edə bilirlər.

Nigar Umaxanlı, Finco.az