Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-dakı bəzi texnologiya şirkətləri öz enerjilərini təmin etməyi öhdələrinə götürüblər.
Banco.az xəbər verir ki, “Microsoft”, “Amazon”, “Google” və “Meta”nın da daxil olduğu bəzi iri texnologiya şirkətləri süni intellekt məlumat mərkəzləri üçün lazım olan enerjini özlərinin təmin edəcəklərinə dair öhdəlik götürüblər.
ABŞ Prezidenti Donald Tramp energetika naziri Kris Rayt, həmçinin “Google”, “Meta”, “Amazon”, “Microsoft”, “OpenAI”, “xAI” və “Oracle” şirkətlərinin rəhbərləri ilə “Ağ Ev”də keçirilən dəyirmi masa toplantısında bir araya gəlib.
Tramp çıxışı zamanı bildirib ki, onlar milyonlarla amerikalının elektrik xərclərini əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək “Fatura Ödəyənlərin Müdafiəsi Öhdəliyi” çərçivəsində tarixi bir imza üçün toplaşıblar.
Tramp qeyd edib ki, şirkətlər süni intellekt məlumat mərkəzləri üçün tələb olunan əlavə elektrik istehsalı xərclərinin hamısını öz üzərlərinə götürməyi öhdələrinə götürüblər. Onun sözlərinə görə, bu da amerikalılar üçün elektrik qiymətlərinin artmayacağı deməkdir.
Tramp vurğulayıb ki, iri texnologiya şirkətləri bu çərçivədə beş mühüm öhdəlik götürüblər:
“Birincisi, bu şirkətlər süni intellekt layihələri üçün ehtiyac duyduqları bütün enerji istehsalını təmin edəcək və ya bunun xərcini ödəyəcəklər. Mümkün olan hallarda yeni elektrik stansiyaları quraraq enerji şəbəkəsinin gücünü artıracaqlar. Yəni elektrik enerjisini şəbəkədən almaq əvəzinə özləri istehsal edəcəklər. Hətta ehtimal ki, ehtiyacdan artıq güc yaradacaqlar və bu artıq enerjini çox aşağı qiymətlərlə şəbəkəyə sata biləcəklər.”
Bizi sosial şəbəkələrdən izləyin!!
