ABŞ-a getmək istəyənlərdən sosial media məlumatları tələb olunacaq | Banco.az

ABŞ-a getmək istəyənlərdən sosial media məlumatları tələb olunacaq

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-da Donald Tramp administrasiyası vizasız səfər edən xarici turistlər üçün giriş qaydalarını sərtləşdirən yeni tənzimləmə hazırlayıb. 

Banco.az xəbər verir ki,  rəsmi açıqlamaya görə, ABŞ-a viza tələb etmədən daxil olan 42 ölkənin vətəndaşları artıq son beş il ərzində sosial media məlumatlarını paylaşmalı olacaqlar.

Mövcud qaydalara əsasən, bu ölkələrdən gələn sərnişinlər yalnız ESTA – Elektron Səyahət Avtorizasiya Sistemi vasitəsilə bəzi şəxsi məlumatlarını təqdim edirdilər.

Yeni təklifə görə, sosial media hesablarına dair məlumatların verilməsi ESTA-nın məcburi bölməsinə çevriləcək.

Bununla yanaşı, müraciət edənlərdən son beş ildəki telefon nömrələri, son on ildəki e-poçt ünvanları, ailə üzvləri haqqında məlumatlar və biometrik məlumatlar da tələb olunacaq. 

Administrasiya bu addımı immiqrasiya nəzarətini gücləndirmək məqsədilə atdığını bildirir. Xüsusilə 2026-cı il futbol üzrə dünya çempionatında ölkəyə böyük turist axınının olacağı gözlənilir.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) ötən həftə yeni qayda tətbiq edərək sığınacaq axtaranlar üçün iş icazəsinin etibarlılıq müddətini 5 ildən 18 aya endirib. Bu dəyişiklik qaçqınlara, deportasiya qərarı dayandırılan şəxslərə və status dəyişikliyi üçün müraciət edənlərə şamil olunur.