“Maliyyə əhatəliliyini dəstəkləyən innovativ praktikalar: təcrübələrin öyrənilməsi” mövzusunda keçirilən 7-ci Azərbaycan Mikromaliyyə Konfransı Oktyabrın 10-da öz işini başa vurdu. Konfransın bitmə ərəfəsində, AMFA-nın İcraçı Direktoru xanım Jalə Hacıyevanın təəssüratlarını öyrənməyə çalışdıq.
Jalə xanım, artıq konfrans yekunlaşmaq üzrədir, mümkünsə baş tutan bu tədbir haqqında ilkin təəssüratlarınızı bizimlə paylaşardınız. Təəssüratlarınız necədir?
İlk öncə, mən bu suala görə təşəkkür edirəm. Amma öz fikrimi deyil, istərdim ki, mənimlə fikirlərini bölüşən iştirakçıların rəylərini bildirim. İlk fikirlərdən biri o idi ki, konfrans üçün seçilmiş mövzular çox aktual idi. Məsələn iştirakçılar bildirdi ki, enerji səmərəliliyinin nə olduğunu onlar indiyə qədər tam anlamırdı və onun kreditlə bağlı nə əlaqəsinin olduğunu tam başa düşmürdülər Təqdimatlardan sonra isə onlara aydın oldu ki, bu doğrudan onların təşkilatı üçün maraqlı məhsul ola bilər. Çünki burda əksər iştirakçılar bank və BOKT-lardır (Bank olmayan kredit təşkilatları), hər hansı bir yeni məhsulu öz portfellərinə daxil etmək onlar üçün maraqlıdır. Beləliklə onlar özləri üçün yeni bir məhsul haqqında, gələcəkdə hansı bank məhsullarına müraciət edə biləcəkləri, hansı partnyorlar ilə bu sahədə işləyə biləcəkləri haqqında yeni məlumat əldə etdilər.
Başqa maraqlı şərhlər içərində İslam maliyyəçiliyi ilə bağlı şərhi qeyd edə bilərəm. Paylaşılan biliklərin praktiki olması iştirakçıların çox xoşuna gəlib. Biz çalışdıq ki, bu dəfəki konfransda praktiki biliklər daha çox paylaşılsın. Bu günə qədər hər bir mövzu üzrə praktiki məruzəçi tapmaq çətin idi. Lakin artıq əlaqələrimiz genişlənib. Bu gün mən deyə bilərəm ki, digər xarici konfranslarda iştirak etməklə, müxtəlif sahələrin ekspertləri ilə təmasda olmağımız, bizə imkan verdi ki, hər bir mövzu üzrə praktiki keyslər təqdim edə bilək. Bu, konfransın əsas özəlliyi idi. Çünki insanlar artıq nəzəri biliklərdən usanmış, yorulmuşdu, çünki nəzəriyyəni onlar internetdən də tapa bilər, kitabdan da oxuya bilərlər. Amma praktiki bilikləri eşitmək və sual vermək şansları hər zaman olmur, bunu isə iştirakçılar xüsusi qiymətləndirdi.
Öz adımdan da deyim ki, mən qeyd etdiyiniz hər iki paneldə iştirak etmişəm və özüm üçün xüsusi fərqləndirdiyim panellər sırasındadır: həm İslam maliyyəçiliyi, həm də enerji səmərəliliyi ilə bağlı panelləri çox bəyəndim.
- Təşəkkürlər. Kənd təsərrürafının maliyyələşməsi üzrə mövzu da çox maraqlı idi. Həmin sahə üzrə Türkiyəli ekspertin doğrudan da həm nəzəri, həm də praktiki sahə üzrə bilikləri çox güclü idi. İştirakçılar canlı olaraq, onun öz təcrübəsini paylaşmasını eşitdilər.
Həmçinin iştirakçılar tərəfindən belə təklif oldu ki, mümkünsə həmin təşkilatlar üçün Türkiyənin kənd təsərrüfatının maliyyələşməsi üzrə ixtisaslaşmış, aparıcı banklarına səfərlər təşkil edək ki, onlar yerlərində görsün ki, həmin kart və skorinq sistemi necə işləyir. Bu bizim üçün maraqlı bir təklif oldu.
Biz həmçinin iştirakçıların doldurduğu qiymətləndirmə vərəqlərinə baxırıq, bu sorğuların bizim üçün əhəmiyyəti böyükdür. Qiymətləndirmə bizə imkan verir ki, hər dəfə öz işimizi daha da təkmil quraq, iştirakçıların rəy və təkliflərini öyrənək. Baxırıq ki, mövzular çox uyğun seçilib.
Ən asası burada əlaqələrin qurulması çox mühüm rol oynayır. Əgər fikir verdinizsə, dünən iştirakçılar məruzələrə daha çox qatılırdı, zalda daha çox iştirakçı var idi , bu gün isə iştirakçıların bir qismi zaldan kənar görüşlər keçirir. Əgər dünən onlar tanış olmaq imkanı əldə etmişdisə, bugün bu tanışlıdan daha çox bəhrələnmək istəyirlər, bunun üçün sessiyanı qurban verməli olsalar belə, bu fürsətdən yararlanırlar.
Bəzi təşkilatlar bura sırf tanışlıq, yeni işgüzar əlaqələr qurmaq, partnyor axtarışı məqsədi ilə gəlir. Yəni iştirakçıların maraqları müxtəlifdir. Bəzilərinin əsas məqsədi öyrənmək, digərlərində investor və ya partnyor cəlb etmək istəyi, əlaqələr qurmaq məqsədidir. Bu təbiidir, biz bunu müxtəlif beynəlxalq konfranslarda da müşahidə edirik ki, əgər konfransın ilk sessiyalarda daha çox adam olursa, sonra zal nisbətən seyrəkləşir. Onlar konfrans məkanında, lakin zaldan kənarda təkbətək görüşürlər keçirirlər. Bu da təbiidir, çünki konfrans elə bir məkandır ki, həm maarifləndirir, həm də əlaqələri genişləndirmək imkanı qazandırır.
Dünən həm də AMFA-nın onillik yubileyi ilə bağlı təqdimatlar da oldu və hamı Sizin əməyinizi xüsusi vurğuladı. Bir qadın rəhbər kimi çətin deyil ki, hər şeyi idarə etmək və vaxt baxımından çatdırmaq?
Sözün düzü bu bir çoxlarının yaralı yeridir, istər qadın ol, istər kişi, vaxtın idarəedilməsi həmişə ciddi problem kimi dayanır. Asan məsələ deyil, elə hesab ediriəm ki, burada komanda işi daha böyük rol oynayır.
Səlahiyyətləndirmə vacibdir, rəhbər olaraq çalışıram ki, ətrafımda olan işçiləri yetişdirim ki, onlara müəyyən işləri həvalə edə bilim, onları səlahiyyətləndirim. Təkcə vəzifənin adında deyil, həqiqi mənada idarəetmə işinin müəyyən qismini onların çiyinləri üzərinə qoya bilim. Bu onları daha da ilhamlandırır, həvəsləndirir. Əgər fikir verdinizsə, bizim bir çox sessiyalarımızı mən yox, bizim işçi həyətimiz aparırdı.
Buna misal olaraq, Sevda xanımı, Vüsalə xanımı qeyd edə bilərəm. Onları yetişdirmək üçün sərf etdiyim müddət indi öz bəhrəsini verir. Düşünürəm ki, təşkilatın özü, institutsional olaraq, yetişəndən sonra onun idarəetməsi asanlaşır, ilk mərhələlərdə istənilən bir təşkilatın idarəedilməsi daha çox zaman aparır.
Gənc yaşlarımızda biz daha çox yükün altına qatlana bilirik, yaşa dolduqca bizim müdrikliyimiz də bir az artır, bizim səriştəmiz artır. Əgər bir konfransın hazırlanıb ərsəyə gəlməsinə rəhbər şəxslərin vaxtı əvvəllər aylarla gedirdisə, indi isə hazırda bir rəhbər işçinin buna vaxtı daha az gedir və digər işçiləri öz köməkçilərinə ötürə bilir.
Düşünrəm ki, istənilən bir layihəyə və ya tədbirə komanda şəkilində yanaşılırsa və düzgün iş bölgüsü olursa, onda vaxtdan da səmərəli istifadə etmək, vaxtın düzgün planlaşdırılmasına nail olmaq olur. Hər şeyi öz üzərimizə götürsək, təbii ki, bu mümkün deyil.
Jələ xanım, bir daha təşəkkür edir və uğurlar arzu edirəm.