Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ-də baş verən maraqlı kəşf hekayəsi texnologiya və incəsənət dünyasının diqqətini çəkib. 1966-cı ildə təqaüdçü incəsənət müəllimi Helene Plotkin kiçik bir bazardan 100 dollardan aşağı qiymətə müəllifi məlum olmayan bir tablo alıb. Təxminən 60 il ərzində ailənin evində dekor kimi divardan asılan tablonun əsl dəyəri 2026-cı ilin iyununda üzə çıxıb.
Banco.az xəbər verir ki, tablonun taleyi Helene Plotkinin oğlunun marağı ilə dəyişib.
O, əsərin mənşəyini öyrənmək üçün tablonun fotosunu çəkərək süni intellekt tətbiqinə yükləyib.
Süni intellekt tablodakı fırça izlərini, rəng palitrasını və dövrün Art Deco üslubunu analiz edərək əsərin Şotland Rəngçiləri cərəyanının əsas nümayəndələrindən biri olan Frensis Kembell Boylo Kadelə aid ola biləcəyini bildirib. Həmçinin ailəyə tablonun arxasındakı möhür, imza və köhnə inventar nömrələrini yoxlamağı tövsiyə edib.

Plotkin ailəsi süni intellektin yönləndirməsindən sonra tablonu Şotlandiyanın tanınmış hərrac evlərindən biri olan "Lyon & Turnbull"a təqdim edib. Ekspertlərin apardığı araşdırmalar və laboratoriya analizləri nəticəsində əsərin Cadellin 1920-ci illərə aid məşhur qadın portretləri seriyasından "Interior: The Lady in Black" adlı orijinal tablo olduğu təsdiqlənib.
Vaxtilə demək olar ki, çox ucuz qiymətə alınan əsər hərracda 254 min dollara satılıb.
Bu hadisə süni intellektin imkanlarını göstərməklə yanaşı, insan ekspertizasının da sənət tarixində əvəzolunmaz rolunu ortaya qoyub. Süni intellekt rəssamı düzgün təxmin etsə də, tablodakı qadının kimliyini müəyyənləşdirərkən səhvə yol verib. İnsan ekspertlər isə arxiv sənədlərini araşdıraraq əsərdəki modelin əslində May Ester olduğunu müəyyən ediblər.
İncəsənət tənqidçilərinə görə, bu hadisə gələcəkdə süni intellekt və akademik ekspertizanın necə səmərəli əməkdaşlıq edə biləcəyinin nümunəsidir.
Bizi sosial şəbəkələrdən izləyin!!
