Müəllif:Mehin Qasımova,Banco.az
Almaniya Federal Statistika İdarəsi 2026-cı ilin ikinci rübü üçün dövlət borcu ilə bağlı ilkin məlumatları açıqlayıb.
Banco.az xəbər verir ki, dövlət borcu birinci rübün sonu ilə müqayisədə 1 faiz artaraq 2 trilyon 753,5 milyard avroya çatıb.
Sözügedən dövrdə federal dövlət borcu 20,5 milyard avro artaraq 1 trilyon 907,1 milyard avroya çatıb. İnfrastruktur və müdafiə sənayesi üçün yaradılan iki böyük xüsusi fondun xərcləri federal borclanmanın artmasında həlledici rol oynayıb.
Regional gərginlik və yüksək enerji xərclərinin yaratdığı mənfi iqlimə baxmayaraq, süni intellekt və müdafiəyə yönəlmiş xərclərin sənaye istehsalında artıma təkan verdiyi bildirilir.
Bir çox iqtisadi institutlar bu il ölkə üzrə artım proqnozlarını orta hesabla 1,3 faizə qaldırıblar, hökumət isə hazırda 0,5 faiz artım proqnozlaşdırır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) də 2026-cı ildə Almaniya iqtisadiyyatının artım proqnozunu 0,7 faizdən 1,1 faizə qaldırıb. Bu artım əsasən süni intellektin ixracata təsiri, eləcə də müdafiə və infrastruktura qoyulan investisiyalar ilə əlaqədardır.
Digər tərəfdən, iqtisadi dirçəliş və artan yeni borclanmalar səbəbindən ümumi dövlət büdcəsi kəsirinin proqnozunun ötən ilki 3 faizdən bu il 4,1 faizə, 2027-ci ildə isə 4,7 faizə yüksələcəyi gözlənilir.
