3 il ərzində hökumətin xərcləmələrlə bağlı əsas hədəfləri nələrdir? | Banco.az

3 il ərzində hökumətin xərcləmələrlə bağlı əsas hədəfləri nələrdir?

Qarşıdakı 3 il üzrə hökumətin xərc siyasətinin əsas prioritetləri

2017-2020-ci illər üzrə hökumətin büdcə siyasətinin əsas istiqamətlərinə dair sənədində xərcləmələrlə bağlı əsas hədəfləri kimi aşağıdakılar qeyd edir:

  1. Fiskal yığcamlaşdırma siyasətinin davam etdirilməsi. Bu siyasət müdafiə olunan xərc maddələri istisna olmaqla digər xərc maddələri üzrə xərclərin əvvəlki dövrlə müqayisədə azaldılmasını, lakin dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin və sosial proqramların saxlanmasını nəzərdə tutur. Hökumətin 2017-2020-ci illər üzrə büdcə proqnozlarına görə 2016-cı ilin proqnoz göstəricisi ilə mqayisədə 2020-ci ildə dövlət büdcəsinin xərcləri 3.6 mlrd. manat və ya 19.7% azalacaq.
  2. Dövlət sektorunda xərclərin səmərəliliyinin artırılması istiqamətində işlərin davam etdirilməsi. Bu addım səmərəsiz xərcləməlir azaldılması ilə yanaşı iqtisadiyyatın bir çox sahələrində dövlət maliyyəsinin iştirakını mərhələli şəkildə məhdudlaşdırılması hesabına özəl investisiyaların cəlb edilməsinin daha da fəallaşdırılması, dövlət büdcəsi xərclərinin strukturunun təkmilləşdirilməsi və şəffaflığın artırılmasını təmin edən qanunvericilik bazasının gücləndirilməsi istiqamətində işləri davam etdirilməsi, götürdükləri öhdəliklərin icrasının vaxtında təmin edilməsi üçün dövlət zəmanəti əsasında kredit vəsaitlərini cəlb edən dövlət müəssisələrinin rəhbərlərinin qanunvericiliklə məsuliyyətinin artırılması kimi mühüm addımların atılmasını nəzərdə tutur.  
  3. Fiziki infrastruktur layihələri üçün maliyyə təminatının yaradılması. Bu çərçivədə həmçinin ölkədə infrastruktur layihələrinin həyata keçirilməsi üçün beynəlxalq maliyyə təşkilatları ilə birgə maliyyələşdirmənin davam etdirilməsi nəzərdə tutulur. Hökumətin 2017-2020-ci illər üzrə büdcə proqnozlarının əks olunduğu sənədlərdə göstərilir ki, qarşıdakı 4 ildə dövlət investisiya proqramlarının icrası üçün müxtəlif beynəlxalq maliyyə qurumlarından 4.3 mlrd. manat məbləğində kredit vəsaitlərinin cəlbi nəzərdə tutulub;
  4. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatının yaradılması. Hökumətin 2017-2020-ci illər üzrə büdcə proqnozlarından aydın olur ki, digər xərc istiqamətlərindən fərqli olaraq ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xərclərin ixtisarı hədəflənmir. Qarşıdakı 4 ildə təhsil, səhiyyə, sosial müdafiə də daxil olmaqla hökumətin daimi prioritetləri sırasında olmuş funksional istiqamətlərdə xərclərin 2016-cı ilə nisbətən 15-20% intervalında ixtisarı nəzərdə tutulsa da, müdafiə və təhlükəsizlik xərclərinin sabit həcmdə qorunub saxlanması hədəflənib;
  5. Qeyri-neft sektorunun inkişafının stimullaşdırılması ilə bağlı dövlət dəstəyinin daha da gücləndirilməsi. Hökumətin 2017-2020-ci illər üzrə sosial-iqtisadi inkişaf kpnsepsiyasında müəyyən edilmiş investisiya prioritetlərində qeyd edilir ki, qeyri-neft sektorunun müxtəlif sahələri, o cümlədən kənd təsərrüfatı, qida sənayesi, tütün məmulatlarının istehsalı, yüngül sənaye, tikinti materiallarının istehsalı, rezin və plastmas məmulatlarının istehsalı mühüm istiqamətlər kimi hədəflənib.
  6. Regionların sosial-iqtisadi inkişafının gücləndirilməsi üçün dövlət dəstəyinin artırılması. Hökumətin 2017-2020-ci illər üzrə sosial-iqtisadi inkişaf konsepsiyasına görə, ortamüddətli dövrdə ölkədə regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, sosial infrastrukturun yaxşılaşdırılması əsas hədəflər kimi seçilib; 

İqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin ekspertləri 2017-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı zəruri araşdırma və təhlil işləri aparmaqla bu rəyi hazırlayıblar. Rəydə növbəti ildə büdcə gəlirlərinin və xərclərinin formalaşmasında müşahidə olunan əsas meyllər müəyyən edilib, habelə gələn il həyata keçiriləcək büdcə siyasətinin iqtisadi proseslərə təsiri qiymətləndirilib.

Ən sərfəli kredit üçün müraciət et

Rəyi tam yüklə - buradan - 

Ən sərfəli krediti almaq üçün müraciət et