Müəllif:Mehin Qasımova,Banco.az
2026-cı ilin ən etibarlı avtomobil brendlərinin reytinqi açıqlanıb.
Banco.az xəbər verir ki, reytinq avtomobil sahəsində nüfuzlu araşdırma mərkəzlərindən biri olan Consumer Reports-un proqnozlaşdırılan etibarlılıq göstəriciləri əsasında hazırlanıb.
Araşdırma çərçivəsində təxminən 380 min avtomobil sahibi arasında keçirilmiş sorğuların nəticələri təhlil edilib. Mütəxəssislər əldə olunan məlumatlar əsasında yeni avtomobillərin, yük maşınlarının və SUV modellərinin etibarlılıq səviyyəsini qiymətləndiriblər.
Reytinqə 66 xalla "Toyota" başçılıq edir. İlk üçlükdə həmçinin "Subaru" və "Lexus" yer alıb. Beləliklə, Yaponiya istehsalçıları avtomobil etibarlılığı sahəsində ənənəvi üstünlüklərini qoruyub saxlayıblar.
Mütəxəssislərin fikrincə, Toyota-nın uğurunun əsas səbəbləri konservativ mühəndislik yanaşması, uzunmüddətli sınaqlardan keçmiş texnologiyalardan istifadə və istehsal prosesində ciddi keyfiyyət nəzarətidir. Şirkətin avtomobilləri düzgün texniki xidmət göstərildiyi təqdirdə yüz minlərlə kilometr məsafə qət edə bilir.
Reytinqdə "BMW" beşinci yeri tutaraq Avropanın ən etibarlı avtomobil markası olub. Bununla yanaşı, "Volkswagen", "Audi", "Mercedes-Benz" və "Volvo" daha aşağı nəticələr göstərərək siyahının orta pillələrində qərarlaşıblar.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də Tesla-nın yüksəlişi olub. Şirkət ötən illə müqayisədə səkkiz pillə irəliləyərək doqquzuncu yerə yüksəlib. Ekspertlər bunu əsasən "Model 3" və "Model Y" avtomobillərində aparılan texniki təkmilləşdirmələrlə əlaqələndirirlər.
Eyni zamanda "Jeep", "Ram" və "Rivian" kimi markalar aşağı nəticə göstərərək yeni platformalar və mürəkkəb texnoloji həllərin etibarlılığa mənfi təsir göstərə biləcəyini nümayiş etdiriblər.

