Tamara Mustafayeva, Banco.az
2020-ci il təəssüf ki, heç kəs üçün mükəmməl keçmədi. Hamımız ilin əksər hissəsini evdə qaldığımız vaxtı daha məhsuldar etmək üçün yollar axtarmalı olduq. Dizaynerlər də həmçinin... Onlar da bəzən mövcud şəraitdən təsirlənərək, bəzən istənilən vəziyyətə sinə gərərək insanlara ümid, inam aşılamaq, çalışdıqları şirkətlərin marağını ən yaxşı formada əks etdirmək üçün bir-birindən yaradıcı nümunələrlə qarşımıza çıxdılar. Təbii ki, bu nümunələr yeni ilin dizayn mənzərəsini də müəyyən qədər formalaşdırdı. Odur ki, bugünkü məqaləmizdə üzümüzə gələn ilin əsas dizayn tendensiyalarını təqdim edirik.
Sadə Həndəsi Fiqurlar
Adətən çertyojun eskiz mərhələsi ilə əlaqədar olan həndəsi fiqurların sadəliyində çox böyük ecazkarlıq var. Minimalizmin təməli olan bəsitlik və sadəlik özlüyündə markaların gücünü əks etdirir. Bu il bəsit həndəsi fiqurlardan istifadə etməklə loqosunu yeniləyən iki şirkəti misal göstərə bilərik.
Bu şirkətlərdən birincisi hər kəsi tanıdığı “Google” markasıdır. Şirkət “Workspace” sahəsi üçün bütün simvollarını yenidən dizayn etdi. Ancaq əksər istifadəçilər bu yeni dizaynı “Gmail” loqosunu şirkətin digər servislərinin loqosundan fərqləndirməkdə çətinlik çəkdikləri üçün bəyənmədilər.
Misal göstərəcəyimiz digər şirkət isə öz loqosunda radikal dəyişikliyə imza atan “Medium” markasıdır. Yeni dizaynda üç nöqtəli bəsit ellipslərdən istifadə edən şirkət axırıncı dəfə 2017-ci ildə loqosunu dəyişmişdi. Şirkət rəsmilərindən biri ellips fokuslarının müxtəlif şəkillərini təmsil edən yeni dizaynın “başa çatmamış və ya yaranmaqda olan düşüncəni” təmsil etdiyini bildirib.
Müasir Simvolizm
Bilindiyi kimi, loqo dizaynının mənşəyi hər zaman simvolizmə əsaslanır. Əsrlərdən bəridir ki, güclü şirlər, hər şeyi görən gözlər və səmavi şəkillər bir çox markanın loqosunda özünə yer tapmış və piktoqrafiya xarakteri daşımışdır. Xüsusən də insanların dünyanın hər yerində oxşar hadisələri yaşadığı bir ilin ardınca, 2021-ci ildə bu cür universallığın dizaynlər arasında populyarlaşması təsadüfi deyil.
Qeyd edək ki, simvollar dil müxtəlifliyini üstələyərək ünsiyyət yaratma bacarığını, daşıdığı dərin mənaları insanları çatdırma gücünü özündə ehtiva edir.
Amazon şirkəti “Look For The Rainbows” reklamı ilə simvolların gücünü bir daha göz önünə sərdi. Uşaqların səki və pəncərələrə çəkdikləri rəngli, dərhal tanınan cizgilər milyonlarla insan üçün güclü ümid işığı oldu.
Səhih portret və təsvir
2021-ci ilə qədəm qoymağa hazırlaşarkən digər bir mühüm tendensiya isə loqo və marka imici üzrə dizayn nümunələrində səhih portret və təsvirə keçidin yaşanması oldu. Dünyanın əksər yerlərində insanların bir-birlərindən uzaq qalmaqla imtahan edildiyi bir ilin ardınca markalar emosional bağ qurmaq məqsədilə loqo və ya reklam kampaniyalarında tez-tez üz cizgilərinə müraciət etdilər.
Texnologiya və dizayn vərdişlərinin təkmilləşməsi ilə portretlər də öz növbəsində rəqəmsallaşaraq fərdi xarakter daşımağa başladı. Markaların istehsakçılara çatmasına imkan yaradan bu cür dizayn nümunələri həmçinin dərin əlaqələrin yaranmasına da səbəb oldu.
Məsələn, “Airbnb” şirkəti “Your Face Here” layihəsi çərçivəsində dünyanın istənilən nöqtəsindəki insanın rəsmini çəkməyə müvəffəq oldu. Minimalist və olduqca səmimi dizaynı ilə irqi, yaşı, bədən quruluşu, saçının rəngi, modeli fərqli olan insanların real fotolardan ilhamlanaraq rəqəmsal portretlərini yaratdı.
Digər bir nümunədə isə xüsusən də “Black Lives Matter” hərəkatının gündəmə gəlməsindən sonra ABŞ-da uzun illərdir ki, məhsullarının üzərində qara dərili insan fotoşəkillərinin olduğu “Uncle Ben`s”, “Aunt Jemina” kimi markalar bu cür irqçi simvollardan artıq istifadə etməyəcəklərini açıqladılar.
Sonda qeyd edək ki, 2021-ci ilin loqo dizayn tendensiyaları xüsusilə də, yeni onilliyin başlaması səbəbindən böyük əhəmiyyət daşıyır. Odur ki, bu onillikdə hansı dizayn tendensiyalarının şahidi olacağımızı maraqla gözləyirik.
Həmçinin oxu: Dizayn sferasında ən yaradıcı ölkələrin adları AÇIQLANIB
Bizi sosial şəbəkələrdən izləyin!!