“2019-cu il iqtisadi artımın daha yüksək intervala keçməsi ilə yadda qalacaq.” | Banco.az

“2019-cu il iqtisadi artımın daha yüksək intervala keçməsi ilə yadda qalacaq.”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının 2018-ci ildə Azərbaycanda aparılan iqtisadi islahatlar və onun nəticələrinə dair rəyi

2018-ci ildə nəinki Azərbaycan iqtisadiyyatı, bütövlükdə cəmiyyətimiz üçün ən böyük hadisə Azərbaycan xalqının aprelin 11-də prezident seçkilərində cənab İlham Əliyevə yenidən etimad göstərməsi və ulu öndər Heydər Əliyev tərəfindən başlanılan kursun uğurla davam etdirilməsi olmuşdir. 

 

İqtisadi islahatlar: Yeni iqtisadi modelə transformasiya

2018-ci ildə strateji yol xəritələrinin uğurlu icrası təmin edildi, o cümlədən, mikro, kiçik və orta sahibkarlığın meyarlarının yenilənməsi, yaşıl dəhlizin qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparıldı, həmçinin yeni sənaye, aqro və texno parklar və sənaye məhəllələri yaradıldı. Vergi və gömrük islahatlarında əsas məqsəd sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılmasından ibarətdir. Beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın  dünyada ən islahatçı ölkə elan edilməsi oldu. 2017-ci il və 2018-ci ilin ilk dörd ayında təkcə “Doing Business” hesabatı üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri həyata keçirilib. “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəlmiş, BRİCS ölkələrinin hamısını, G20 ölkələrinin isə hər dördündən üçünü üstələmişdir.

İnstitutsional və struktur islahatları çərçivəsində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” qəbul edildi, həmçinin KOB-un İnkişafı Agentliyi, “DOST” Mərkəzi,  TƏBİB, DAİM, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Enterpriseazerbaijan.com, Aqrar Kredit və İnkişaf Agentliyi,  “Aqrar tədarük və təchizat” ASC, Rəqəmsal Ticarət Qovşağı kimi qurumlar yaradıldı və faəliyyətə başladılar. Beləliklə, cənab Prezidentin dizayn verdiyi yeni iqtisadi modelə uyğun olaraq institutsional altyapı mütəmadi şəkildə yenilənir.

Prezident İlham Əliyev tərəfindən aparılan sürətli və uğurlu iqtisadi islahatlar, güclü sosial müdafiə, sahibkarlığın təşviqi, infrastrukturun təkmilləşdirilməsi, makroiqtisadi və ictimai-siyasi sabitlik, həmçinin beynəlxalq arenada mövqelərimizin daha da gücləndirilməsi siyasəti ilə uzlaşdırılır. Beləliklə, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı təmin edilir. Azərbaycan sahibkarları dövlət siyasətinə cavab olaraq innovativ tətbiqləri genişləndirdi və sosial məsuliyyəti gücləndirdi.    

 

İqtisadi artım: Azərbaycan sürətlə sənayeləşir

2018-ci ildə Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunda özəl sahibkarlığın iştirakı ilə ticari bölmənin hesabına 1 faiz artmışdır (o cümlədən, post-neft dövrünün drayverləri - qeyri-neft sənayesi 9 faizdən artıq və kənd təsərrüfatı 5 faizə yaxın böyümüşdür). Son 15 ildə 3,2 dəfə böyüyən iqtisadiyyatın belə bir baza üzərindən, üstəlik neft hasilatının ilbəil azalması və neft qiymətlərinin kəskin volatiliiyi fonunda artım göstərməsi təqdirəlayiqdir. İqtisadi artımda neft sahəsinə nisbətən qeyri-neft sahəsi, dövlət bölməsinə baxanda özəl bölmə və qeyri-ticari sektorla müqayisədə ticari sektor getdikcə drayver rolunu daha çox oynayır. Bir sözlə, iqtisadi artımın kefiyyəti yüksəlir. Digər tərəfdən dövlət investisiyalarının qidalandırdığı iqtisadi model, islahatların transformasiya etdiyi, məhsuldarlığa və əlverişli biznes mühitinə əsaslanan modellə əvəzlənir.  Cənab Prezident bu münasibətlə demişdir: “Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk.”  

 

Azərbaycanda ÜDM-in strukturunda sənayenin üstün artım tempi qlobal trend olaraq dördüncü sənaye inqilabı ilə səsləşir. Sənayenin ÜDM-də xüsusi çəkisinə görə Avropada ön sırada gedən Azərbaycan hazırda sənayenin strukturunda neftdən qeyri-neft bölməsinə uğurlu keçid edir. Təkcə son iki ildə qeyri-neft sənayesində əsas kapitala yönəldilmiş investisiya 70 faizə yaxın artmışdır. Təsadüfi deyil ki, Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında qeyri-neft sənaye məhsullarının (neft-kimya, polad, alümnium, ərzaq, müdafiə səanyesi, elektrik enerjisi və s.) həcmi getdikcə artır. Eyni zamanda Azərbaycanın liderliyilə Xəzər sahilindən başlamış (Sumqayıt Kimya Sənaye Parkı başda olmaqla) Gürcüstan üzərindən Türkiyədə Aralıq dənizi sahilinə (Petkim) uzanan nəhəng bir kimya komleksi yaradılmışdır. Azərbaycan bir sənaye dövləti olaraq regionun təkcə enerji mərkəzi deyil, həm də neft-kimya sənayesi mərkəzidir.     

 

İqtisadiyyatın ixracyönümlü inkişafı təmin edilib

Mərkəzi Bankın məlumatına əsasən, bu ilin ilk 9 ayında cari əməliyyatlar balansında 5,1 milyard ABŞ dolları və ya ÜDM-in 15 faizi səviyyəsində profisit yaranmışdır ki, bu da kapitalın və maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtmüşdür. Cari əməliyyatlar balansındakı profisit əsasən ticarət balansındakı profisit (67 faiz artım) hesabına formalaşmışdır. Bununla belə xidmətlər balansındakı kəsirin iki dəfə azalması və təkrar gəlirlər balansında profisitin 9 faiz artması cari əməliyyatlar balansındakı profisitə artırıcı təsir göstərmişdir. Məsələn, Azərbaycana gələn xarici vətəndaşların bank kartarı ilə apardıqları əməliyyatlar 2018-ci ildə 1,3 milyard manata çatmışdır ki, bu da ötən ilin göstəricisindən 27 faiz çox olmaqla, bütövlükdə qeyri-neft mal ixracının 45 faizini təşkil edir. Turizmin inkişafı cənab Prezident tərəfindən aparılan siyasətin, o cümlədən, ASAN vizanın tətbiqi, turizm infrastrukturunun inkişafı, ölkəmizdə mötəbər tədbirlərin təşkili, promo kampaniyası, Dövlət Turizm Agentliyinin yaradılması başda olmaqla institutsional və struktur islahatların birbaşa nəticəsidir. Xidmət ixracında həm də getdikcə böyüyən peyk telekomunikasiya xidmətləri və optik peyk xidmətlərini xüsusi vurğulamaq lazımdır ki, bu da Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda uğurla inkişaf etdirilən kosmik sənayenin hesabına mümkün olmuşdur.

2018-ci ildə ilkin qiymətləndirmələrə əsasən idxalın həcmi 33 faiz artmışdır ki, bu da ölkədə həyata keçirilən sərmayə qoyuluşu və alıcılıq qabiliyyətinin çoxalması ilə birbaşa bağlıdır. 2018-ci ildə ixracın həcmi isə təxminən 30 faiz artmışdır ki, burada neft qiymətlərinin yüksəlməsi və qeyri-neft məhsullarının həcminin böyüməsi əsas arqumentdir.

Qeyri-neft ixracının artımı qeyri-neft sektorunun artımını üstələməklə iqtisadiyyatın ixracyönümlü inkişafını göstərmişdir. 2018-ci ildə qeyri-neft ixracının 10 faizdən çox artımı proqnozlaşdırlır ki, bu da ölkəyə ötən illə müqayisədə 170 milyon ABŞ dolları daha çox valyutanın gəlməsini təmin edəcəkdir. Azexport, ticarət nümayəndəlikləri, ticarət evləri, ixrac subsidiyaları və digər mexanizmlər qeyri-neft ixracının artımında mühüm rol oynamışdır.

Ən sərfəli kredit üçün müraciət et

 

İlham Əliyevin start verdiyi meqalayihələr

2018-ci ildə 20 ildən artıq davam edən müzakirələrdən sonra Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması digər dörd sahil ölkəsi ilə bərabər Azərbaycanın da uğuru sayıla bilər. Konvensiya Azərbaycan üçün nəqliyyat, logistika, tranzit, ticarət, enerji və bioresurların istifadəsi baxımından yeni imkanlar açır.

2018-ci ildə rəsmi açılışları olan Cənub Qaz Dəhlizi və onun bir hissəsi olan TANAP 1,2 trilyon kubmetr ehtiyata malik olan “Şahdəniz-2” qaz yatağından “mavi yanacağın” Türkiyə, Gürcüstan və Avropaya nəqlinə imkan verəcək. Bu isə Azərbaycanın Avropada enerji təhlükəsizliyi, iqtisadi artım, yeni iş yerlərinin yaradılması, habelə ətraf mühitin qorunması siyasətinə verdiyi töhvədir. Beləliklə, Azərbaycan təbii resursları, daşıma infrastrukturu və emal imkanları ilə dünyanın təkcə neft deyil, həm də təbii qaz bazarlarında mövqelərini gücləndirir.

2018-ci ildə “Enerjinin İpək yolu” adlanan TANAP-ın açılışı ilə yanaşı Azərbaycan Prezidenti  Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışını etdi. Bu kompleks ötən 2017-ci ildə cənab Prezident tərəfindən açılmış Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Prezident İlham Əliyevin 2018-ci ildə xeyir-dua verdiyi layihələrdən biri - Türkiyədə “Petkim” neft-kimya kompleksinin ərazisində inşa olunan “Star” neft emalı zavodu (NEZ) qardaş ölkənin ilk Xüsusi Sənaye Zonası elan edildi. 

2018-ci ildə üzv ölkələrinə regional və kontinental bazarlara çıxışı şaxələndirmək imkanı verən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə Lazurit dəhlizi (Lapis-Lazuli) ilə yükdaşımalara başlanıldı.

 

Makroiqtisadi sabitlik: Fiskal dayanıqlıq və bank sektoru

2018-ci ildə bank sektorunda trendlər müsbət olub. Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri artıb, xarici borcu isə kəskin azalıb. Əmanətlərin dedollarlaşması və likvidliyin komfort zonasına keçməsi müşahidə edilib, həmçinin banklar bütün itkiləri tanıdıqdan sonra mənfəətə çıxıblar. Başa vurmaqda olduğumuz ildə Bazel ll-ə keçid tətbiq edilmişdir, bankların kapital dayanıqlılığı artmışdır, rəqəmsallaşma güclənmiş və prudensial idarəetməyə keçid təmin edilmişdir. Bütün müsbət trendlər bank sektorunun real iqtisadiyyatı daha geniş miqyasda maliyyələşdirmək istiqamətində gözləntiləri gücləndirir.

Cənab Prezidentin tapşırığına uyğun olaraq Maliyyə Sabitliyi Şurası pul proqramına müvafiq şəkildə pul və fiskal siyasətin sıx əlaqələndiliməsini həyata keçirmişdir, 2019-cu ildə bu siyasət davam etdiriləcək.

Fiskal dayanıqlığı təmin etmək üçün qəbul edilən büdcə qaydalarına əsasən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2019-cu ildə 31,1 faiz, sonrakı illərdə müvafiq olaraq 30,1 faiz, 29,1 faiz və 28,1 faiz müəyyən edilmişdir.  Qəbul edilmiş qaydalara əsasən, icmal büdcə xərclərinin yuxarı həddi icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmalar əsasında hesablanacaq. 2018-ci ildə qəbul edilmiş “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiya” və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası” dövlət borcunu dayanıqlı və idarəolunan həddə saxlamağa, riskləri idarəetməyə və borca nəzarət mexanizmini gücləndirməyə imkan verəcək. 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən ortamüddətli xərclər çərçivəsi qəbul edildi və tarixdə ilk dəfə olaraq Azərbaycanın 2019-cu il dövlət büdcəsi yeni büdcə qaydalarına uyğun tərtib edildi. Beləkilə, neft gəlirlərinin volatilliyinin büdcəyə təsiri minimuma endirilir və kontr-tsiklik siyasət tətbiq olunur. Belə yanaşma makroiqtisadi sabitlik üçün vacibdir.  2018-ci ildə tədiyə balansında profisit güclənmişdir, strateji valyuta ehtiyatlarımız 45 milyard ABŞ dollarına yaxınlaşmaqla, ÜDM-in 90 faizindən artığını təşkil edir və 31 aylıq mal və xidmət idxalına kifayətdir. Nəzərə alanda ki, strateji valyuta ehtiyatlarımız xarici dövlət borcundan üç dəfə çoxdur, onda 2019-cu ildə makroiqtisadi sabitlik üçün ciddi əsaslar olduğu aydınlaşar. 2018-ci ildə manat dünyanın ən sabit valyutalarından biri olmuşdur. 2018-ci ildə Azərbaycan manatı Türk lirəsinə qarşı 29 faiz, İran rialına qarşı 3 faiz, Ukrayna qrivnasına qarşı 2 faiz, Gürcüstan larisinə qarşı 4 faiz, Qazaxıstan təngəsinə qarşı 16 faiz, Rusiya rubluna qarşı 18 faiz, Çin yuanına qarşı 6 faiz, ABŞ dollarına qarşı 1 faiz və Avroya qarşı 5 faiz bahalaşıb.  

 

Sosial rifah dövləti

2018-ci ildə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 9 faizə yaxın artdığı halda, inflyasiya 2,3 faiz həddində qərarlaşır. Beləliklə, Prezident İlham Əliyev çox məharətlə dövlət, biznes və əhali maraqlarını balanslaşdırır. Bu mənada Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyət, idman, elm, təhsil, özünüməşğulluq və səhiyyə sahələrində fəaliyyəti, xüsusilə əhalinin həssas təbəqələrinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Çünki aparılan siyasətin fövqündə insan amili dayanır və əldə edilmiş uğurlar insan inkişafına yönəldilir.

 

Azərbaycan və Ermənistan arasında fərq görünməmiş həddə çatıb

Azərbaycan və Ermənistan arasında 2018-ci ildə fərq indiyədək görünməmiş həddə çatmışdır: Ermənistanla müqayisədə Azərbaycanın iqtisadiyyatı dörd dəfə, strateji valyuta ehtiyatları 20 dəfə və əhali sayı 3,3 dəfə böyükdür. Üstəlik Ermənistanın dörd sərhədindən ikisi tam bağlı, digər ikisi isə məhdud imkanlara malikdir, işğalçı ölkə bütün neft-qaz, nəqliyyat-logistika, İKT layihələrindən kənarda qalmaqla işğalın girovu kimi getdikcə zəifləyir və Azərbaycanın uğurlu inkişafının kölgəsində qalır. Ermənistanın sağlam məntiqə söykənərək işğaldan geri çəkilməsi bütövlükdə regionun inkişafı üçün Azərbaycanın imkanlarından geniş istifadə imkanları yarada bilər. 

 

2019-cu il iqtisadi artımın daha yüksək intervala keçməsi ilə yadda qalacaq

Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar nəticəsində 2017-ci il iqtisadi artımın bərpası və 2018-ci il artımın sürətlənməsi və yeni iqtisadi modelə doğru dərin transformasiya illəri olduğu halda, 2019-cu il iqtisadi artımın daha yüksək intervala keçməsi ilə yadda qalacaq. Artıq strateji yol xəritələrində nəzərdə tutulan 2020 hədəflərinin gerçəkləşməsi ilə yanaşı, 2025-ci il üçün strateji baxışın aktuallaşmasının şahidi oluruq. 

Ən sərfəli krediti almaq üçün müraciət et