Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Elman Rüstəmov biznes kreditlərinin faizlərinin aşağı salınması ilə bağlı növbəti dəfələri açıqlayıb.
Banklar cənab prezidentin çağırışına həssaslığı keçən il hiss etdirdilər. Belə bir həssaslıq həmişə var. Bu yaxınlarda bank sektoru ilə toplantımız olacaq, biz onları da eşitmək istəyirik, yəni onlar hansı məsələləri problem kimi görürlər.
Hesab edirik ki, real sektorun kreditləşməsinin artması üçün kifayət qədər imkanlar var. Bununla bağlı həm bizim, həm də bank sektorunun görəcəyi işlər çoxdur. Sadəcə olaraq, biz bu məsələni çox aktiv kommunikasiya edəcəyik, banklar ilə dialoqa girəcəyik bu da bizə onları narahat edən əsas məsələləri üzə çıxarmaq imkanı verəcək. Bunlardan bəziləri artıq məlumdur.
Bu günləri bankların cəlb etdiyi pullar olduqca bahalıdır.
Əmanətlərə görə orta faiz dərəcəsi 2013-cü ildə, 9,6% idisə, son məlumatlara görə ötən il bu artıq 9% təşkil edib. 2013-cü ildə banklar əhaliyə yarım milyarddan çox əmanət faizi ödəyiblər. Əgər bankların mənfəətliyinə baxsaq, müqayisə edilə bilən bir rəqəm olduğunu görərik. Hesab edirik ki, bank sektoruna ucuz vəsaitlərin verilməsi istiqamətində addımlar atmalıyıq.
Bunu Mərkəzi Bank da edə bilər. Beynəlxalq praktikada artıq yaxşı məlum olan bir sıra mexanizmlər vardır. Avropa Bankının, Federal Ehtiyyatlar Departamentinin və ya Yaponiya bankının etdiyi işləri biz də etməliyik. Amma çox mühüm məsələ odur ki, biz bunları edərkən qarşımıza qoyulmuş əsas prioritet məsələni unutmalı deyilik. Bunu iqtisadiyyatın stabilliyinə toxunmadan, onun üçün problem yaratmadan etməliyik.
Manatın stabilliyini pozmadan iqtisadiyyata, real sektora eləcə də ipotekaya verilən kreditlərin artması üçün əlimizdə olan imkanları araşdıracağıq.
Real sektora kreditlər hansı dəhlizdə verilə bilər?
Biz çox arzulayırıq ki, real sektora 10%-dən aşağı 1 rəqəmli kreditlər verilsin. Hesab edirəm ki, 7-8%-li kreditlər rentabelli işləmək, gəlir götürmək, öz investisiyalarına həmin bu kreditləri əlavə etmək üçün yaxşı şərait yarada bilər.
Biz düşünməliyik ki, çox aşağı inflasiya şəraitində necə edək ki, məhz 1 rəqəmli kredit faizlərinə nail olaq. Əmanətlərdə bir rəqəmli faizlərə artıq nail olmuşuq. 1 rəqəmli kredit faizlərinə nail olmaq növbəti hədəfimizdir.
Bu isə iqtisadi artıma, xüsusilə də, orta və kiçik biznesin inkişafına ciddi təkan ola bilər.