Asiya İnkişaf Bankı “FINCA Azerbaijan” ilə texniki yardım haqqında saziş imzalayıb | Banco.az

Asiya İnkişaf Bankı “FINCA Azerbaijan” ilə texniki yardım haqqında saziş imzalayıb

Asiya İnkişaf Bankı (AİB) özəl sektorda keçirdiyi əməliyyatları çərçivəsində “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı ilə texniki yardım haqqında saziş imzalayıb.

Razılaşmaya görə, AİB “FINCA Azerbaijan”ın institusional inkişafı və potensialının daha da gücləndirilməsinə dəstək olmaq məqsədi ilə 400.000 ABŞ dolları məbləğində Təşkilata texniki yardım göstərəcək.

“Asiya İnkişaf Bankı ilə “FINCA Azerbaijan” arasında texniki yardım haqqında sazişin imzalanması bizim münasibətlərimizdə növbəti önəmli bir mərhələdir. Bu yardım müştəri və əməliyyatlarının 80 faizi Bakı və Abşeron yarımadasından kənarda olan FINCA-nın Azərbaycan regionlarında kənd təsərrüfatı və kənd sahibkarlığını  dəstəkləməsinin davam etdirilməsinə kömək edəcəkdir”-, deyə FINCA Azerbaijan” QBKT-nin ölkə üzrə direktoru Timoti Tarrant bildirib.

“FINCA Azerbaijan” bu texniki yardımı kreditvermə prosesini sürətləndirmək üçün dəyərləndirmə əsaslı qərarvermə modelini tətbiq etmək,  həmçinin kassalardan əlavə kredit çatdırılması kanallarının yaradılması kimi öncəki səylərini genişləndirmək istiqamətində istifadə etməyi nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

Baş ofisi Manilada yerləşən AİB əhatəli iqtisadi artım, ekoloji cəhətdən davamlı inkişaf və regional inteqrasiya vasitəsilə Asiya və Sakit Okean regionunda yoxsulluğun azaldılmasına çalışır. AİB 1966-cı ildə yaradılıb, 48 ölkə Asiya və Sakit okean regionundan olmaqla 67 üzv ölkədən ibarətdir. Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür.

“FINCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatı 1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş məhdud lisenziya ilə fəaliyyət göstərən və Azərbaycanda  bank olmayan aparıcı mikromaliyyə institutudur.


 

Ən sərfəli krediti almaq üçün müraciət et