“Qara Cümə” nədir və necə yaranıb? | Banco.az

“Qara Cümə” nədir və necə yaranıb?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkəmizdə “Qara Cümə” kimi tanınan “Black Friday” bütün noyabr ayı boyunca danışılan və nəhəng brendlərin böyük endirimlər etdiyi bir ənənəyə çevrilib. Bəs “Qara Cümə” nədir və necə yaranıb? 

Bildiyimiz kimi “Qara Cümə” hər il noyabr ayının son həftəsində baş verən alış-veriş hadisəsidir. Bu tədbir çərçivəsində bir çox brend və e-ticarət platforması irili-xırdalı endirim kampaniyaları təşkil edir.

“Qara Cümə”də endirim anlayışı isə illər ərzində dəyişib. Belə ki, bəzi markalar yalnız bir gün, bəzi markalar və platformalar isə noyabr ayı ərzində endirimlər təklif etməyi seçirlər.

Həmçinin oxu: Azərbaycanda "Black Friday" zamanı tətbiq edilən endirimlər nə qədər realdır?

Bu gün bir adı olsa da, “Qara Cümə” kimi tanınan günün uzun illər adı olmayıb.

ABŞ-də qeyd olunan və noyabrın son həftəsinə təsadüf edən ən mühüm bayramlardan biri olan "Şükran günü" (Thanksgiving Day) həm də ölkədə Milad və Yeni il qeyd etmələri ilə bitən uzun bir bayram dövrünün başlanğıcıdır. Bu dövrdə hədiyyə alma və alış-veriş artdıqca həm markalar, həm də istehlakçılar üçün fürsətə çevrilən həmin bu alış-veriş günü ortaya çıxdı.

“Şükran günü”ndən sonra cümə gününə təsadüf edən bu gün ABŞ-də illər ərzində ən sıx alış-veriş gününə çevrilib. Günün tarixi də “Şükran Günü” tərəfindən müəyyən edilib.

Bununla belə, ABŞ-də “Şükran günü”nün nə vaxt qeyd olunacağı uzun illər ərzində bəlli deyildi. 1600-cü illərə təsadüf edən və milli bayram olan “Şükran günü” uzun illərdir ki, 25 noyabrda qeyd olunurdu.

1789-cu ildə ABŞ prezidenti Corc Vaşinqton 26 noyabr cümə axşamı günü “Şükran günü” elan etdi. Ancaq sonrakı illərdə tarix və günlə bağlı çox qarışıqlıq yarandı. Bu çaşqınlıq 1941-ci ildə Konqres tərəfindən qəbul edilmiş bir aktla aradan qaldırıldı və “Şükran günü”nü noyabrın dördüncü cümə axşamı edən qanun qəbul edildi. Beləliklə, noyabrın dördüncü cümə günü “Qara Cümə” oldu.

Bəs niyə hamı üçün müsbət təsir göstərən bir gün “Qara Cümə” adlanırlar? Bu ad haradan gəlir?

“Qara Cümə” adının haradan gəldiyi sualına müxtəlif cavablar var. Bu hekayələrdən birinə görə, qara satış müəssisələri və onların mühasibləri üçün müsbət məna daşıyan rəngdir. Çünki mühasiblər öz kitablarında mənfəəti göstərmək üçün qara mürəkkəbdən, zərəri göstərmək üçün isə qırmızı mürəkkəbdən istifadə edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Deyilənə görə, il boyu itkiləri ifadə edən “qırmızı” ilə doldurulan kitablar “Qara Cümə” günü “qara” rəngə çevrilərək qazancla dolur. Ancaq bu hekayə qəbul edilmiş bir həqiqət deyil.

Adın əsas mənbəyi bu alış-veriş günündə ortaya çıxan qaranlıq mənzərədir. Adı verənlər isə polislərdir. “Qara Cümə” günü xaos, sıx tıxac və mağazalarda izdiham kimi səhnələrə görə Filadelfiyada polis məmurları bu yorucu günü “Qara Cümə” adlandırmağa başlayıblar.

Bu adla ticarətin zərər görəcəyini düşünən brendlər onu dəyişdirərək “Böyük Cümə” kimi adlar işlətməyə çalışsalar da, illər keçdikcə bu ad bütün ABŞ-yə, sonra isə dünyaya yayılıb.

“Qara Cümə”  illər ərzində qarışıqlıqlarla dolu bir gün olub. İnsanların endirim sevgisi səbəbilə hər il “Qara Cümə” günü minlərlə izdiham baş verir. Ən pis “Qara Cümə”nin 2008-ci ildə baş verdiyi hesab edilir. ABŞ-nin ən böyük ərzaq zəncirlərindən biri olan Walmartda alış-veriş etmək istəyənlərin basabası altında qalan vətəndaş dünyasını dəyişib. Lakin əvvəlki illərlə müqayisədə son illər ərzində həmin gün baş verən izdihamlarda azalmalar da müşahidə edilir.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et