Azərbaycanda "Black Friday" zamanı tətbiq edilən endirimlər nə qədər realdır? | Banco.az

Azərbaycanda "Black Friday" zamanı tətbiq edilən endirimlər nə qədər realdır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bütün dünyada hər noyabr ayının son cümə günü “Black Friday” adı ilə mağazalarda endirimli satışlar təşkil olunur. Bu ənənə Azərbaycanda da geniş yayılıb.

Həmin gün mağazalar ən azı 50% olmaqla 80%-dək, bəzən isə 90 % -dək endirimlər tətbiq etdiklərindən insanlar mağazalara axın edirlər.

Amma sonradan məlum olur ki, endirim adı ilə aldığımız məhsulların əksəriyyəti “Qara cümə”də nəyinki aşağı qiymətə satılmayıb, hətta ötən bir neçə ilin köhnə dəbində qalmış sonuncu məhsullardandır.

Mövzu barədə Biznesin inkişafı üzrə mütəxəssis  Nicat Manafov Banco.az-a bildirdi ki, Azərbaycanda təəsüf ki, “Black Friday”in ab-havasından yararlanaraq müştərilərə daha baha qiymətə məhsul təklif edən sahibkarlar çoxdur:

 “ “Black Friday”in məntiqi odur ki, mağazalar hər il noyabr ayının son cümə günündə yeni ilə keçid ilə əlaqədar olaraq stoklarında qalan məhsulları uyğun qiymətə sataraq yeni sezon üçün mağaza rəflərində yer açırlar. Amma bizim mağazalarda isə bəzi sahibkarlar sırf “Black Friday” sözündən istifadə edərək

məhsulun qiymətinin artırılma üsulu ilə yenidən endirimlər tətbiq edirlər. Nəticədə, müştəri aldanaraq məhsulu endirim adı ilə endirimsiz qiymətinə satın almış olur. Məlumdur ki, bizim mağazaların vitrinlərində marka adı altında satılan məhsulların da çoxu ötən illərdən qalıb. Xüsusəndə geyim məhsullarının bir çoxu iki-üç il bundan öncəyə aiddir. Sahibkarlar da, “Black Friday”in gəlişindən istifadə edərək  həmin stokları alıcılara təqdim edib, anbarlarını təmizləyirlər”.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da onlayn ticarətə maraq daha böyükdür. Bir çox alış-veriş platformaları üzərindən istədiyimiz zaman qiymət dəyişikliyini görən kimi məhsul sifariş edib həm pulumuza, həm də zamanımıza qənaət etmiş oluruq.

Bəs Azərbaycanda qiymət dəyişikliyini izləyə bilən hər hansı bir sistem varmı?

İnternet üzərindən artıq bir milyona yaxın vətəndaşımızın alış-veriş etdiyini qeyd edən ekspert vurğuladı ki, Azərbaycanda qiymətləri izləyə bilən sistem olmadığı üçün burada da sahibkarlar rahatlıqla qiymət mexanizmi ilə oynaya bilirlər:

“Alıcı bilmir ki, bu malın əvvəlki qiyməti nə olub, endirim realdır yoxsa şişirdilib.  Amma beynəlxalq platformalarda, şirkətlərdə qiymət dəyişikliyini izləyən sistemlər var. Onlar alıcılara endirimin gerçək yoxsa saxta olduğunu dərhal göstərə bilir. Təəssüflər olsun ki, ölkəmizdə bu sistem yoxdur. Ümid edirik yaxın gələcəkdə bu dəyişiklikləri izləyən sistem  ölkəmizə də gələr və bizim mağazaların real yoxsa “fake” endirim tətbiq etdiyini hamılıqla görmüş olarıq”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et