“Gəlirlilik əyrisinin dərci investorlar üçün yeni imkanlar yaradacaq” – Vüqar Bayramov | Banco.az

“Gəlirlilik əyrisinin dərci investorlar üçün yeni imkanlar yaradacaq” – Vüqar Bayramov

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilk dəfə olaraq özünün internet səhifəsində həftəlik əsasda dövlət istiqrazları üzrə qiymətləndirilmiş gəlirlilik əyrisinin dərcinə başlayır.

Mərkəzi Bankın bu addımını müsbət dəyərləndirən iqtisadçı, millət vəkili Vüqar Bayramov Banco.az-a bildirdi ki,  son bir ildə Bank tərəfindən məlumatların ictimai açıqlama səviyyəsinin artması müşahidə olunur:

“Mərkəzi Bank həm ictimaiyyətlə kommunikasiyanı gücləndirir, həm də məlumatların təqdimatını həyata keçirir. Mərkəzi Bankın banklararası bazarı genişləndirməkdə məqsədi banklardakı passiv aktivləri cəlb edərək onların real sektora yönəldilməsinə nail olmaqdır.

Ümumiyyətlə, qiymətli kağızlar bazarında investisiya qoyuluşu həyata keçirmək istəyən həm fərdi, həm institusional investorlar üçün gəlirlilik əyrisi olduqca vacibdir. Burada müşahidə edilən vacib məsələlərdən biri də istiqrazlar üzrə uçot faiz dərəcəsi ilə Mərkəzi Bankın uçot faizləri arasında artıq əlaqənin yaranmasıdır”.

Vüqar Bayramov hesab edir ki,  əlaqənin tam olaraq formalaşması və birbaşa təsirləri zaman tələb etsə də, bütün hallarda bu pozitiv addım olaraq qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

“Mərkəzi Bankın gəlir əyrisinin dərcinə başlaması investorlara, xüsusən də qiymətli kağızlar bazarında investisiya qoyuluşu həyata keçirmək baxımından yeni imkanlar yaradacaq. Bu addım  Mərkəzi Bankın fəaliyyətində şəffaflığın artırılması baxımından vacib məqamdır. Bütövlükdə,  Mərkəzi Bank tərəfindən digər istiqamətlərdə də məlumatların ictimaiyyətə tam olaraq çatdırılmasının davam etdirilməsi olduqca məqsədəuyğundur”.

Xatırladaq ki, gəlirlilik əyrisi Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilən “Gəlirlilik əyrisinin qiymətləndirilməsi və dərc olunması Qaydaları” əsasında qiymətləndirilir.

Gəlirlilik əyrisinin qrafik təsviri ilə yanaşı əyrinin qiymətləndirilməsində istifadə olunan modelin (“Nelson-Siegel”) parametrləri də Mərkəzi Bankın internet səhifəsində yayımlanacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et