Azərbaycanda səyahət sığortasına maraq hansı səviyyədədir? | Banco.az

Azərbaycanda səyahət sığortasına maraq hansı səviyyədədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Səyahət sığortası turistin səfər etdiyi ölkədə başına gələ biləcək hadisənin fiziki və mənəvi zərərinin ödənilməsini nəzərdə tutur. Xaricə səyahət müddətində vətəndaşların ən çox məruz qaldığı hadisələr zədələnmə, əşyalarını itirilməsi, yaxud səyahət zamanı xəstələnmə ola bilir. Bu zaman sığorta şirkəti vətəndaşın zərərini qarşılayır.  

Səyahət sığortasının qiyməti isə səfər edəcəyimiz ölkə, sağlamlıq, yaşımız və s. kimi faktorlardan asılı olaraq dəyişə bilər. Eyni zamanda, qiymətlər müxtəlif şirkətlərdə fərqli məbləğlərdə də ola bilər. Bu səbəblə də sığorta paketi almazdan öncə daha ətraflı araşdırma etmək və sığorta qaydaları ilə yaxından tanış olmaq lazımdır.

Səyahət sığortası bizi daha nələrdən qoruyur? Artıq yay mövsümü də sona çatmaq üzrədir. Bu sığorta daha çox xaricə səfər zamanı istifadə edilir, bəs Azərbaycanda daxili səfərlərdə bu il səyahət sığortasına maraq hansı səviyyədə olub?

Bu suallarla bağlı sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov Banco.az-a bildirib ki, səyahət sığortasının əsas mahiyyəti səyahət edən zaman gözlənilməz, qəfil bədbəxt hadisə baş verərsə, riskləri qarşılamaqdır: "Yəni, şəxsin əvvəldən bildiyi hansısa xəstəliyi varsa, düşünməsin ki xarici ölkəyə gedəcək və sığorta şirkəti də müəyyən riskləri qarşılayacaq.

Bir sözlə, səyahət sığortası təsadüfi şəkildə baş verən bədbəxt hadisələrə aiddir. Ölüm hadisəsi baş verirsə, bu zaman meyitin daşınmasınadək sığorta şirkəti kompensasiya verir. Sığorta kompensasiyasının daha çox olması, daha çox riskin təminat altına alınması üçün vətəndaş sığorta haqqını da daha çox verməlidir".

Ekspertin sözlərinə görə, hansısa ölkəyə səfər edərkən səyahət sığortasının tənzimlənməsi üçün şəxsin üzərində ilk növbədə sığorta şəhadətnaməsi, sığorta müqaviləsi olmalıdı: "Həmin sığorta şəhadətnaməsinin arxasında hansı ölkəyə səfər etmisizsə, o ölkədə olan sığorta nümayəndəsi, yaxud da sığorta şirkətinin əlaqə nömrəsi olmalıdır. Gözlənilməz bəxbəxt hadisə baş verərkən bu zaman həmin nömrələrlə əlaqə saxlamaq lazımdır".

"Sığorta müqaviləsində "şərtsiz azadolma" deyə bir hissə var. Müqavilədə "şərtsiz azadolma" məbləği nəzərdə tutulubsa o, hər sığorta hadisəsi üzrə xərclər ödənildikdə tətbiq olunur. Məsələn, 50 avro verib sığorta şahdətnaməsi almısınızsa, bu zaman birinci hadisə baş verəndə qeyd edilir ki, 150 avroluq "şərtsiz azadolunma" hissəsini vətəndaş ödədikdən sonra geridə qalan vəsaiti sığorta şirkəti qarşılayacaq. Şəxs həmin məbləği ödəməlidir ki, qalan məbləği də sığorta şirkəti qarşılasın".

Ən sərfəli kredit üçün müraciət et

İlkin İbrahimov qeyd edib ki, ötən illərdə bəzi tur operatorlar daxili turizmdə bölgələrə səyahət edən zaman çətinliklərlə üzləşdi: "Hansı ki, bir neçə qəza hadisəsi baş verdi və bu, sərnişinlərin ölümünə, xəsarət almasına gətirib çıxardı. Bu da artıq gündəm olmağa başladı. Bu ildən etibarən sığorta qiymətləri 1-2 gün üçün çox cüzi məbləğdə hər nəfər üçün 3-5 manat arasında dəyişirdi. 

Daxili turizmdə səyahət sığortası könüllüdür və tur operatorlar da artıq buna maraq göstərməyə başlayıblar. Hesab edirəm ki, bu yaxşı bir haldır, çünki həm vətəndaş sığortalanır, həm də bu, tur operatorları bu məsələlərlə bağlı məsuliyyətdən demək olar ki, azad edir".

Qeyd edək ki, bu ilin birinci yarısında (yanvar-iyun ayları) Azərbaycanda səfər sığortası bazarı 47,3% böyüyüb. Belə ki, hesabat dövründə bu sığorta növü üzrə daxilolmaların məbləği 2 milyon 736 min manata bərabər olub.

Bu növ üzrə ödənişlərin məbləği isə illik müqayisədə 35,9% azalaraq 116,2 min manata enib. Ötən ilin eyni dövründə səfər sığortası üzrə yığımların məbləği 1 milyon 857 min manat, ödənişlərin məbləği isə 181,2 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et