Tamara Mustafayeva, Banco.az
ABŞ-da özəl sektor üzrə məşğulluq ötən ay bazar proqnozlarını üstələyərək 208 min nəfər artıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ADP Araşdırma İnstitutunun Stenford Laboratoriyası ilə birgə hazırladığı sentyabr ayı üzrə milli məşğulluq hesabatı dərc olunub.
Hesabata görə, ABŞ-da özəl sektor işçilərinin sayı sentyabr ayında 208 min nəfər artıb. Proqnozlar isə 200 min artıma işarə edirdi.
Artan faiz dərəcələrinə və daha sərt maliyyə şərtlərinə baxmayaraq, işçi qüvvəsinə tələbin güclü qaldığını göstərən özəl sektor məşğulluğu avqust ayında da 185 min nəfər artmışdı.
Sözügedən dövrdə xidmət sektorunda məşğulluq 237 min nəfər artığı halda, istehsal sektorunda 29 min nəfər azalıb.
Xatırladaq ki, 25 milyondan çox işçinin əmək haqqı məlumatı əsasında hesablanan ADP özəl məşğulluq məlumatlarına görə, illik əmək haqqı sentyabr ayında 7,8 faiz artıb. Avqustda isə illik əmək haqqı artımı 7,6 faiz olmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!