Əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsaslandırması necə tənzimlənir? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.
Əmək Məcəlləsinin 76-cı – “Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər” maddəsinin birinci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
Misal 1: Tutaq ki, işçi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə ərizə verir. Bəzi müəssisə rəhbərləri əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndini və ya 69-cu maddəsinin birinci hissəsini əsas tutaraq xitam verirlər. Bu halda əmək müqaviləsinə xitam verən zaman işəgötürənin qeyd olunan iki maddənin birindən istifadə etməsində heç bir qanun və ya prosedur pozuntusu yoxdur. Amma işəgötürən xitamla bağlı sənədlərdə həm 68-ci, həm də 69-cu maddəni qeyd edərsə, Əmək Məcəlləsinin 76-ci maddəsinin ikinci hissəsinin tələblərini pozmuş olacaq.
76-cı maddənin ikinci hissəsində qeyd edilir ki, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
Misal 2: Tutaq ki, sərxoş vəziyyətdə işə gələn işçi əmək intizamını kobud surətdə pozub, intizam xətası törədib. Həmin işçinin müddətli əmək müqaviləsi hadisə baş verdikdən 10 gün sonra başa çatacaq. Bu halda işəgötürən işçinin əmək müqaviləsinə xitam verərkən, həm Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, həm də 73-cü maddəsinə əsaslana bilməz. Artıq qeyd etdiyimiz kimi, işçinin əmək müqaviləsinə yalnız bir maddə ilə xitam verməlidir.
vergiler.az
Bizi sosial şəbəkələrdən izləyin!!