Samsung smartfonların çatdırılmasında dronlardan istifadə etməyə başladı | Banco.az

Samsung smartfonların çatdırılmasında dronlardan istifadə etməyə başladı

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, ötən il Amazon şirkəti dronla çatdırılma xidməti üçün ABŞ Federal Aviasiya Təşkilatından rəsmi razılıq əldə etmiş və bununla da digər şirkətlərə ilham olmuşdu. Hətta Google-un qardaş şirkəti hesab edilən Wing də ötən ilin aprel ayında sözügedən razılığı əldə etdikdən sonra Virciniya əyalətində dronla çatdırılma xidmətinə başladığı zaman ABŞ-dakı ilk kommersiya məqsədli dron çatdırılma xidmətini həyata keçirən şirkət olmuşdu. Sentyabr ayında isə Walmart şirkəti dronla çatdırılma işinə başlayacaqlarını elan etmiş və pilot layihəni başlatmışdı.

İndi də Samsung Electronics şirkəti yeni Galaxy smartfonlarının və digər kiçik cihazlarının dronla çatdırılmasına başlayıb. Ancaq sözügedən xidmət hazırda təkcə İrlandiyanın Oranmore adlı kiçik bir qəsəbəsində həyata keçirilir.

Dronla çatdırılma xidmətinin tətbiq edildiyi modellər sırasında S21 ultra, Galaxy Buds Pro, Galaxy Tab S7, Galaxy Watch 3 və Galaxy A Seriyası yer alıb. Onu da qeyd edək ki, bu çatdırılma xidmətindən faydalanmaq üçün müvafiq sifarişlər ancaq şirkətin İrlandiya üzrə internet saytı vasitəsilə verilməlidir. Hazırda sözügedən xidmət məhdud ərazi üçün tətbiq edilsə də, Samsung və dron şəriki Manna Drone Delivery şirkəti gələcəkdə bu xidməti ölkə miqyasında genişlətməyə çalışacaqlarını bildiriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram