Statistik məlumatlara görə, koronavirus pandemiyası bir çox müəssisələrin bağlanmasına və işçilərin ixtisarına gətirib çıxardıb. COVID-19 fonunda isə yeni iş tapmaq olduqca çətinləşib.
Maraqlıdır ki, Pandemiya İT mütəxəssislərinin Azərbaycanda iş tapmaq şansına necə təsir göstərib?
Bununla bağlı danışan İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kərimov bildirib ki, pandemiyaya görə qlobal miqyasda tətbiq olunan karantin rejimində məsafədən iş prosesinə son dərəcə müsbət təsir göstərib: "Bəzi şirkətlər əməkdaşlarının həftədə 40 saat ofisdə olub, çalışma fikrindən daşınaraq yeni reallıqla ayaqlaşdılar. Bir çox peşələrdə olduğu kimi İT sahəsində də məsafədən iş rejiminə daha çox üstünlük verilməyə başlandı. Amma qeyd edim ki, bu proses pandemiyadan öncə də mövcud idi. İT mütəxəssisləri üçün məsafədən işləmək ənənəsi uzun zamandır ki, var. Biz bunu istər Azərbaycan, istərsə də başqa bir ölkədə müşahidə edə bilərik. Məsələn, buna ölkəmizdən bir nümunə də göstərim. Azərbaycanda Python dili üzrə çox yaxşı mütəxəssis var. O, ölkə daxilindəki şirkətlərdən birində çalışır və dörd min manat əməkhaqqı alırdı. Həmin şəxsə pandemiyadan öncə Avropa ölkələrinin birindən ikiqat əməkhaqqı müqabilində iş təklifi gəldi. Təbii ki, bu təklif məsafədən iş rejimindən çalışmaq üçün edilmişdi. Bir nüansı da qeyd edim, bir çox xarici ölkələr, məsələn, Amerikaya məxsus qlobal şirkət öz ölkəsindən daha yüksək əməkhaqqı ilə işçi cəlb etməkdənsə, Azərbaycan, Ukrayna, Belarus və s. kimi dövlətlərdən daha ucuz işçi qüvvəsi ilə razılaşıb, məsafədən işləmək üçün əməkdaşlığa başlayır. Çünki adlarını çəkdiyim ölkələrdən cəlb edilən işçi 3 və ya 4 dəfə daha aşağı əməkhaqqı əsasında məsafədən çalışır".
Mütəxəssis bildirib ki, pandemiyadan öncə və ya pandemiya dövründə İT mütəxəssislərin fəaliyyəti ilə bağlı problem müşahidə edilməyib: "İT sektorunda məsafədən iş rejiminin daha öncədən tətbiq olunması, eləcə də İT sahəsinin pandemiya dövründə tələbatın artması mütəxəssislərin işə cəlb edilməsində problem yaratmayıb.
Ümumiyyətlə isə məsafədən iş rejimində çalışmaq əslində olduqca sərfəlidir. Azərbaycanlı İT mütəxəssisləri üçün bu şans çoxdan yaradılıb. Lakin bunun mənfi tərəfləri də var. Məsələn, əgər yerli mütəxəssis ABŞ şirkətlərindən biri ilə əməkdaşlığa başlasa, o Azərbaycan şirkətində işləmək istəməyəcək və ölkə daxilində cəlb olunan mütəxəssislərə tələbat artacaq. Bu zaman Azərbaycan şirkəti, ya o şəxsə daha yüksək maaş verməlidir, ya da həmin işçidən daha az təcrübəsi olan birini işə götürməlidir.
Hazırda ölkə daxilində belə bir fikir var ki, Azərbaycanlı İT mütəxəssislərinin maaş tələbatı böyükdür. Yaxud da başqa bir ölkəyə müraciət edərək, məsafədən işçi cəlb etməlidir. Ölkəmiz üçün yüksək maaş olmayan İT əmək bazarı qonşu İran dövlətidir. Orda yerli valyutanın böyük devalvasiyası nəticəsində az maaşla mütəxəssis cəlb etmək olur. Məsafədən iş sisteminin tətbiqi qloballaşmanın böyük bir nəticəsidir. Yaxın gələcəkdə əmək bazarında bu kimi trendləri daha çox müşahidə edəcəyik".
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!
